18 Oktyabr 2018 09:10
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən ağır siyasi taleyi bəlkə də Misir siyasətçiləri yaşayır. Bir neçə il əvvəl Misirin devrilmiş prezidenti Məhəmməd Mursi və İxvan lideri Əsma Biltaci haqqında edam qərarı çıxarılmışdı. Beynəlxalq təzyiqləri nəzərə alan rəsmi Qahirə sonradan edam qərarını ömürlük həbslə əvəzlədi.

Misirin son 65 illik siyasi tarixində çoxlu siyasətçi dar ağacından asılıb. Həsən əl-Bənna tərəfindən 1928-ci ildə qurulmuş “Müsəlman qardaşları” təşkilatının (İxvan) rəhbərliyində olan yüzlərlə şəxs haqqında yerli məhkəmələr edam qərarı çıxarıb.

Teleqraf.com təşkilatın lideri olub, sonradan dar ağacından asılan ən məşhur siyasətçilər haqqında məqaləni təqdim edir.

Əbdülqadir Udeh

İxvanın öndə gələn liderlərindən olub. 1930-cu ildə Qahirə Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət prokurorluqda işləyib, sonra məhkəmə hakimi olub. Eyni zamanda “Müsəlman qardaşları” təşkilatının fəal üzvü kimi tanınıb. Camal Əbdül Nasir tərəfindən Misir kralı Fərrux taxtdan endirildikdən sonra yeni konstitusiyanın hazırlanması üzrə yaradılmış komissiyanın üzvü olub.

Ancaq Nasiri öz qərarından daşındırması üçün iclasların birində etdiyi sərt çıxış onun sonunu gətirib.

Nasirin İngiltərə ilə imzaladığı müqaviləni “Müsəlman qardaşları” təşkilatı adına araşdırmaq vəzifəsi Udehə verilib.

Udeh hesabatda ingilis mənfəətinə xidmət etdiyi, ingilis işğalına zəmin hazırladığı səbəbindən bu müqaviləyə qarşı çıxıb. O, hesabatında qeyd edib ki, anlaşma bölgəni müharibə və böhrana sürükləyə bilər.

Bu hesabat Nasirlə “Müsəlman qardaşları” təşkilatı və Udeh arasında uçurumu bir qədər də dərinləşdirib. Nəticədə Əbdülqadir Udeh xüsusi bir məhkəmədə ittiham edilib və sonda məhkəmə edam qərarı çıxarıb.

Udeh 1954-cü il aprelin 9-da “Müsəlman qardaşları” təşkilatının digər bir üzvü ilə dar ağacına çəkilib.

Seyid Qütb

İslam dünyasında əsasən “Quranın kölgəsində” adlı əsəri ilə tanınıb.

Bundan başqa, “Quranda əbədi təsvir”, “Quranda qiyamət səhnələri”, “İslamda sosial ədalət”, “İslam düşüncəsi” kimi əsərlərin müəllifidir. “Müsəlman qardaşları” təşkilatı ilə birlikdə hərəkət edən Seyid Qütb düşüncələrini “Yoldakı işarələr” adlı kitabında əks elədiyi səbəbindən Camal Əbdül Nasir hakimiyyəti tərəfindən edama məhkum edilib.

Qütb dünyada bir çox islami qrup, hərəkat və düşüncənin ilham qaynağı olub. 1966-cı ilin avqustun 29-da edam edilib.

Həsən Hudaybi

“Müsəlman qardaşları” təşkilatının Həsən əl-Bənnadan sonra ikinci rəhbəri olub. 1949-cu ildə təşkilatın başına keçib. Misir lideri Əbdül Nasir və Azad Zabitlər Hərəkatı ilə ixtilafda olub. Dövrün siyasi hakimiyyətini devirməyə çalışıb.

Krallıqdan sonra ölkədə hakimiyyəti bir əldə cəmləşdirməyə çalışan Nasir Həsən Hudaybiyə qarşı sərt mövqe tutub. “Müsəlman qardaşları” təşkilatının çoxlu sayda funksioner və rəhbərlərini həbsə atıb.

Həsən Hudeybi barəsində isə edam qərarı çıxarılıb.

Xəstəliyi nəzərə alınaraq edam qərarı ev həbsi ilə əvəzlənib. Sonda isə azadlığa buraxılıb. 1965-ci ildə yenidən 3 il müddətinə həbs olunub.

Həsən Hudaybi 1973-cü ilin 11 noyabrında vəfat edib.

Məhəmməd Həmid Əbu Nasir

Əbu Nasir 1954-cü ildə İxvan üzvləri ilə birlikdə həbs edilib. Barəsində edam qərarı sonradan ömürlük həbslə əvəzlənib. 20 il həbsdə qalıb. Bir müddət sonra Ömər Timsaldan sonra İxvanın lideri olub.

Məhəmməd Mehdi Akif

2004-cü ildə “Müsəlman qardaşları” təşkilatının sədri olub. Təşkilatın tarixində ilk dəfə “sabiq sədr” statusunu alıb.

Mehdi Akif Müsəlman Qardaşlarına 6 il liderlik edib və sədrliyi könüllü olaraq 2010-cu ildə Məhəmməd Bədiəyə verib. Akif 1954-cü il böhranı zamanı həbs edilib və barəsində edam cəzası çıxarılıb. Daha sonra ömürlük həbs cəzasına məhkum olunub. 1996-cl ildə ikinci dəfə tutulub və 3 il həbsdə yatıb.

Məhəmməd Bədiə

“Müsəlman qardaşları”nın son mürşidi hesab olunur. 2010-cu ildə Mehdi Akifdən sonra təşkilatın başına keçib. Misirdə baş verən 25 yanvar inqilabı dövründə təşkilatı gücləndirərək seçkilərə aparıb.

“Ölkənin gələcək prezidenti “Müsəlman qardaşları”ndan olmayacaq” sözləri ilə diqqətə gəlib. Prezident Mursi 2013-cü ildə hərbi çevrilişlə devriləndən sonra Məhəmməd Bədiə Qahirənin Rəbiə meydanında “Bizim sülhsevərliyimiz onların güllələrindən daha güclüdür” sözləri ilə qarşıdurmaya getməyəcəkləri mesajını verib.

2013-cü ilin 20 avqustunda tutulub və müxtəlif maddələrlə ittiham edilib. 28 fevral 2015-ci ildə barəsində edam cəzası çıxarılıb. Məhəmməd Mursinin də aralarında olduğu casusluq məhkəməsində ömürlük həbs cəza alıb.

Sonradan həbsxanalara “hücum” hadisələrində günahkar sayılıb və edama məhkum edilib.

Hayrat Şatir

“Müsəlman qardaşları”nın beyni kimi tanınıb. 2012-ci il seçkilərdində prezidentliyə namizəd olub, lakin namizədliyi Misir Hərbi Şurası tərəfindən rədd edilib. Hərbi çevrilişdən sonra tutulub. “Müsəlman qardaşları”nın rəhbərliyinə verilən ittihamla məhkəməyə çıxarılıb.

28 fevral 2015-ci ildə ömürlük həbs cəzası alıb. 2015-ci ilin aprelin 16-da həbsxanalara “hücum” ittihamı üzrə edam cəzası verilib və edam olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər