Quba rayonunda cinayət hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 27-də səhər saatlarında şəhər sakini Səxavət Hüseynovun sağ qabırğanın alt nahiyyəsindən aldığı xəsarətlə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Xəstə dərhal əməliyyat olunub.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bəhram Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Səxavət Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Məlumata görə, hadisə kafedə baş verib. Bəhram Cəfərov kafedə kababçı işləyib, Səxavət Hüseynov isə həmin kafeyə müştəri kimi gəlib.
Hadisə baş verən vaxtı Səxavət Hüseynov stola gələn kababı bəyənməyib. Bu səbəbdən kababçı ilə mübahisə edib. Mübahisə sonda qanlı olayla nəticələnib.
Quba rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını Bəhram Cəfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib, Bəhram Cəfərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Bəhram Cəfərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Hazırda Quba rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.