Bərdə rayonunda şirkətin pulunu mənimsəyənin polisə yalan məlumat verdiyi üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən Müşfiq Cəfərov rayon polis şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Araşdırmalarla Müşfiq Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.
Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib.
Müşfiq Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayonun Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Koroğlu" MMC-nin işçisi, Bərdə şəhər sakini Müşfiq Cəfərov MMC-yə məxsus 52 min manat pulu mənimsəyib.