25 Avqust 2014 17:39
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “Rüstəm İbrahimbəyovun Moskva ilə əlaqələri ciddi siqnaldır”

Suallarımıza ADP sədri Sərdar Cəlaloğlu cavab verib. Müsahibimiz, əsasən, İsa Qəmbərin təşəbbüsü ilə bir araya gələrək birlik formatı tapmaq uğrunda müzakirə aparam siyasi partiyalardan, onlara rəqib kimi baxan Milli Şuradan, bu iki qüvvənin birləşmək imkanlarından, arada gedən müzakirələrdən, cırtdan partiyalardan istifadə etmək ssenarisindən danışıb. Eləcə də, Rüstəm İbrahimbəyov və Eldar Namazov haqqında maraqlı fikirlər işlədib.

- Sərdar bəy, ADP də daxil olmaqla 14 partiya bir araya gəlib. Ancaq yeni birliyə ad tapa bilmirsiniz. Qəti qərar niyə də yoxdur?
- Təklif etdim ki, qurumun adını dəyişdirək. Çünki qarşı tərəf də belə adda qurum yaradıb. Yəqin gələn həftə ad məsələsi həll olunar. Əslində, Milli Şurada komitənin yaradılmasının müəllifi Pənah Hüseyn olub. Hansı ki, bu təşəbbüslər Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu və İsa Qəmbərlə bağlıdır. Sadəcə olaraq, Milli Şurada əvvəl belə komitə olmayıb. Gördülər ki, biz bir araya gələrək komitə yaradırıq, dərhal onlar da toparlanıb komitə yaradıblar və hətta bəyanat yayıblar ki, guya biz onların işinə qarışırıq. Halbuki, onların komitə yaratması bizdən iki həftə sonra baş verib. Bu barədə elə indicə xəbər tutmuşam. Məlumatsızlıqdan istifadə edərək komitə yaratdıqlarını elan ediblər. Lakin buna baxmayaraq təklif etmişəm ki, adımızı və fəaliyyətin formatını dəyişək. Fərqli və yeni müdafiə forması tapaq, həm də təkcə siyasi deyil, mülki və sosial hüquqlar məsələsinə də yer ayıraq. Yəni fəaliyyətimiz daha geniş olsun. Hələlik bu istiqamətdə müzakirə gedir. Bizim qaldırdığımız məsələ bundan ibarətdir.

- Bəs, Siz hüquq müdafiə komitəsi yaratmışdınız, indi də bunun adını dəyişdirirsiniz. Bu qeyri-ciddilik deyilmi?
- Kim dedi Müdafiə Komitəsidir. Sizin adınız Nemət, mənim adım Sərdardır. Bəyəm, bu, bizim insan olmağımız xüsusi ad olmağımıza imkan vermir? Mütləq gərək ad müdafiə komitəsi olmalıdır?

- Hacıbaba Əzimov deyir ad belə olmalıdır və hətta son iclasda Sizin təklifinizə qarşı çıxaraq acıq edib bayıra çıxdı...
- Hacıbaba Əzimov bir səsdir, mən də bir səsəm. Çoxluq necə qəbul etsə, o cür də olacaq.

- Bu birlik təşəbbüsü İsa Qəmbərdən gəlib. Onunla ad haqqında müzakirəniz olub?
- İclas zamanı olub. Mən niyə ayrılıqda və həm də gizlin danışmalıyam. Biz təklifimizi irəli sürmüşük. İsa Qəmbər də bunun əleyhinə olmayıb və deyib ki, təfriqə olmasın. Son iclasda da İsa Qəmbər az qala iki saat çıxış etdi. Amma bizim təklifin əleyhinə bir söz demədi. Mənim təklifim daha münasibdir. Niyə qarşı tərəf buna görə, bizi hədəfə alsın, Əli Kərimlinin uşaqları iki həftədən bir sosial şəbəkələrdə məni söysün? Mənim buna ehtiyacım yoxdur.

- Yeni birlik formatı qapılarını bütün siyasi qüvvələrə açıq elan edəcək?
- Hesab edirik ki, yeni formatda bu məsələlər problem yaratmayacaq.

- Müsavat, KXCP və Pənah Hüseyn Milli Şuranın nəzdində olan komitədə də fəaliyyət göstərir. Bu sizlərdə narahatçılıq yaratmır?
- Bəli, belə məsələ var. Onlar həm orada, həm də burada məhbusları müdafiə edirlər. Əslində, buna ehtiyac yoxdur. Həm də sırf məhbus məsələsinə görə, qeyd etdiyiniz üç partiyanın həm orada, həm də burada təmsil olunması düzgün deyil. Yox, əgər biz daha geniş məsələlərlə məşğul olacaq birlik yaradırıqsa, bu zaman adını çəkdiyiniz qurumların gedib Milli Şurada bir məsələ ilə bağlı əməkdaşlıq etməsi problem yaratmayacaq.

- İndi Sizin yaratmaq istədiyiniz birlik modelində cırtdan partiyalar da təmsil olunur. Bu nə dərəcədə doğrudur?
- Çoxları deyir ki, siyasi partiyalarla ictimai təşkilatlar bir araya gələrək birlik yarada bilərlər. Mən bunu qəbul etmirəm. Birləşmələr dünyada peşələr üzrə gedir. Bizdə isə anormal durum var. Əli Kərimliyə görə, siyasi partiyalarla ictimai təşkilatlar birləşməlidir. Amma, mən siyasətçiyəm və hadisələrə də siyasi maraqlarım çərçivəsində baxıram. Bir nəfər də ictimai təşkilatın rəhbəridir və siyasi marağı yoxdur. Bu halda bizim maraqlarımız necə üst-üstə düşə bilər? Heç cür. Bunu düşünmək lazımdır. Bu baxımdan mən belə yanaşmaları doğru hesab etmirəm.

- Bu birlikdə cırtdan partiyaların toplaşmasına necə baxırsınız?
- Siyasi partiya gələ bilər. Məncə, ən problemlisi ayrı-ayrı şəxslərin, QHT-lərin gəlməsi ola bilər. Amma partiyaların qeydiyyatdan keçib-keçməməsinə diqqət eləmək lazım deyil. Cırtdan partiyadır, sabah böyük kişi olacaq, cırtdan olmaqla deyil ki. Birdə görürsünüz ki, böyük partiyalar gəlib cırtdan olur, cırtdan partiya böyük təşkilata çevrilir. Türkiyədə Ədalət və İnkişaf Partiyası 13 il əvvəl necə partiya idi? Amma baxın, son 10 ildən çoxdur ki, Türkiyəni bu partiya idarə edir. Bu ölkənin əsasını qoyan təşkilatlar isə demək olar cırtdan partiyalar səviyyəsinə enib. Bu məsələlər keçicidir, əsas odur ki, prinsiplər müəyyən olunsun. Cırtdan dediyiniz partiyanın böyük ideyaları olacaqsa, ciddi işlər görəcəksə, deməli, böyük partiyalardan fərqli olaraq vacib işlə məşğuldur.

- Bu cırtdan partiyalar zamanında “Bizim Azərbaycan” blokunda təmsil olunub, fəaliyyətlərini İsa Qəmbərin çıxışları əsasında qururlar...
- Mən bunu araşdırmamışam. İndi müxalifət yeni qurum yaradıb və mən də onun fəaliyyətində iştirak edirəm. Siyasətdə əbədi dostlar deyil, əbədi maraqlar var. Ona görə də, əsas məsələ odur ki, bu gün birgə addımlaya bilərik, ya yox. İkincisi də, bu partiyaları İsa Qəmbər xoş niyyətlə də gətirə bilər. Üçüncüsü, burada siyasi hakimiyyət uğrunda mübarizə getmir ki, İsa Qəmbər üstünlük əldə edə bilsin. Əgər burada söhbət insan haqları ilə bağlı doğru mövqedən gedirsə, bunu mən də müdafiə edəcəyəm. Burada siyasi məsələ yoxdur. Siyasi məqsəd qoyulmadığı üçün kimin kimə yaxın olması əhəmiyyətli deyil.

- Liberallar sizin birliyi tərk edib. Buna münasibətiniz necədir?
- Xəbərim yoxdur. Ancaq bu açıq formatdır, istəyən gələr, istəməyən gedər. Getsinlər kənarda insan haqlarını müdafiə etsinlər. Mən bilmirəm niyə gediblər. Şəxsən mənə hansı sənəd veriblərsə, imza atmışam. Ancaq sənədlərin detalları məni maraqlandırmır. ALP etirazsız çıxıb, sonra hansısa sənədə etiraz edirsə, mən bunu anlamıram. Əgər gediblərsə yaxşı yol. Mən bunu əhəmiyyətli hesab etmirəm.

- Milli Şura ilə münasibətləriniz normallaşıb?
- Təklif olundu ki, bu qurumlar arasında əlaqə yaradılsın, daha bəzi şəxslər hər iki qurumda iştirak etməsin. Bir halda ki, İsa Qəmbər, Pənah Hüseyn və Mirmahmud Mirəlioğlu qarşı tərəfin yaratdığı komitənin fəaliyyətində iştirak edir, elə bu şəxslər həm də bizim elçimiz ola bilər. Eləcə də, onların bizim yanımızdakı elçiləri ola bilər.

- Milli Şura ilə bir araya gəlməyi mümkün hesab edirsiniz?
- Əslində, bunun nə dərəcədə lazımlı olduğu haqda düşünmək lazımdır. Lazımlı olsa mümkünlüyünə baxarıq. Lazım olmasa, mümkün olsa da, ehtiyac yoxdur. Əsas bu iki qurumun bir araya gəlib-gəlməməsi zərurətini müəyyən etməkdir. Mən hesab edirəm ki, zərurət yoxdur. Çünki təcrübədən bilirik ki, müəyyən qüvvələr uzun müddət bir yerdə qala bilmirlər. Ona görə də, qabaqcadan dağılması gözlənilən qurum yaratmağa ehtiyac görmürəm. İkincisi də, mən Milli Şuranın Rusiyaya bağlılığı məsələsində şübhələrimdə qalıram. Ona görə də, belə əməkdaşlığa isti baxmıram. Şəxsi mövqeyim belədir ki, Rüstəm İbrahimbəyovun Moskva ilə əlaqələri ciddi siqnaldır.

- Deyirsiniz ki, İbrahimbəyov hələ də siyasi məsələlərdə Moskvaya bağlıdır?
- Bəli. Nə Rüstəm İbrahimbəyov Moskvadan çıxıb, nə də Milli Şura İbrahimbəyovla əlaqələrini dayandırıb. Odur ki, bu proses hansısa situasiyada yenidən aktivləşə bilər. İndi eyni şərtlər ortada qalır. İbrahimbəyov Milli Şuranın fəxri sədridir və hansısa situasiyada yenidən “aktiv” siyasət haqda açıqlamalar verə bilər.

- Milli Şura İbrahimbəyovdan imtina etməlidir?
- Milli Şuranın müəllifi İbrahimbəyovdur. Bu halda Milli Şura ondan necə imtina edə bilər? Rüstəm İbrahimbəyov onlardan imtina edə bilər. Rüstəm bəy uşaq deyil, Milli Şuraya elə adamlar toplayıb ki, ondan imtina etməsinlər. Maraqları üst-üstə düşən qüvvələr bir araya gələ bilər. Mətbuatdan da görünür ki, Milli Şuranın İbrahimbəyovla əlaqələri mövcuddur. Əgər Milli Şuranın mövcudluğu ilə İbrahimbəyov arasında əlaqə varsa, deməli, təşkilat onun nəzarətindədir. Hələ ki, bir yerdədirlər.

- Ancaq iddia edilir ki, indi Milli Şuraya nəzarət Əli Kərimlinin əlindədir...
- Nəzarət deyəndə vacib deyil ki, İbrahimbəyov özü şəxsən buna nəzarət etsin. Əvvəllər Eldar Namazov nəzarət edirdi, bir müddətdən sonra Əli Kərimli nəzarət etməyə başladı. İbrahimbəyov sadəcə nəzarət edəcək adamları dəyişib. Əsas İbrahimbəyovun özüdür.

- “El Hərəkatı” ilə əməkdaşlığınız varmı?
- Mən demişəm ki, Eldar Namazovun siyasətdə atdığı addımlara ciddi yanaşmaq olmaz. Çünki onun ciddi elektoratı, təbliğatı və təşkilatı yoxdur. Biz gördüklərimiz sadəcə konyunktura idi. Bunun da sonu yoxdur. Ölkədə aktivlik baş verəndə mümkündür ki, Namazov yenidən qabağa çıxsın. Ancaq belə adi mərhələdə cari iş aparmaq, təşkilati işlərlə məşğul olmaq imkanı yoxdur.

- Necə olur, siz partiya sədrisiniz, amma siyasi proseslərdə öndə ola bilmirsiniz. Eldar Namazovun intellektdən başqa heç nəyi yoxdur, amma aktiv siyasi mərhələlərdə əsas adam olur...
- Oyunçuların əsas fiqura çevrilməsi bunu oynayan şahmatçıdan asılıdır. Şahmatçı istəsə peşkanı əsas fiqur kimi istifadə edir, lazım olmayanda istifadə etmir. Siyasətdə şahmat oyununa bənzəyir. Adam var ki, oyunçudur, adam var fiqurdur. Fiqurdursa, deməli oyunçu lazım olanda onu qabağa, lazım olmayanda geriyə itələyir. Mən oyunçuyam, amma fiqur deyiləm. Ona görə də, harada qabağa, harada geri gedəcəyimi özüm düşünür və strategiya qururam. Kimlər ki, oyunçu yox, fiqurdursa, onlar qəflətən parlayıb qabağa çıxır, müəyyən qüvvələri bir araya gətirir və sonrada yox olub gedirlər. Bəzən də oyunçu həmin fiquru şahmat taxtasının kənarına qoyur və onu ümumiyyətlə işlətmir.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər