Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən ağır qəza ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 9-da, saat 22 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Bəhrəm Məmmədovu vurub, sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Fakta görə rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Əli Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.