Quba rayonunda iki gün əvvəl baş verən yanğının qəsdən törədildiyi məlum olub.
Teleqraf.com xəbər verir ki, dekabrın 8-də, gecə saatlarında Quba rayon polis şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.
Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.
Dindirilmə zamanı F.Ağamirzəyev törətdiyi cinayət əməlini etiraf edib. O, zərərçəkmişlə aralarında illərdir ədavət olduğunu bildirib.
Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olduğunu bildirən F.Ağamirzəyev orada yanğın hadisəsi törədərək, ona maddi ziyan vurmaq istədiyini əlavə edib.
Faktla bağlı araşdırma aparılır.