Fərhad Mehdiyev: “O, bu fikirləri indi deməməli idi”
ATƏT-in Minsk Qrupunun amerikalı keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza BMT Təhlükəsizlik Şurasının icrası uzun illərdir həyata keçirilməyən 4 məılum qətnaməsi barədə danışıb. M.Brayza deyib ki, ABŞ-dakı Amerika Erməni Milli Konqresi sayaq erməni diaspor təşkilatları özlərini zərərçəkmiş qurban kimi, Azərbaycanı isə təcavüzkar bir ölkə kimi qələmə verən kampaniyalar həyata keçirdiyi üçün BMT TŞ-nin qətnamələri yerinə yetirilmir.
ATƏT Minsk Qrupunun bu qətnamələrin həyata keçirilməsini sürətləndirmədiyini qeyd edən M.Brayza İraq və Liviya məsələləri ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yalnız BMT-nin deyil, həm də ABŞ və Fransanın təşəbbüskarı olduğuna diqqət çəkib.
Diplomat bu konfliktin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində birgə fəaliyyət göstərən ABŞ, Fransa və Rusiyanın da qətnamələrin yerinə yetirilməsində məsuliyyət daşıdığını bildirib. ABŞ-ın münaqişə zonasından hərbi qüvvələrin çəkilməsi və ya qətnamələrin həyata keçirilməsində israr etmədiyini deyən M.Brayza ölkəsinin Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həll olunacağını gözlədiyini vurğulayıb. O, konfliktin həllinə kömək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin şəxsən iştirak etməli olduğunu düşündüyünü bildirib.
Diplomatın açıqlmasına münasibət bildirən “Qafqaz” Universitetinin müəllimi, politoloq Fərhad Mehdiyev deyib ki, Dağlıq Qarabağ məsələsinin həll olunub-olunmaması ABŞ-ın milli maraqlarına birbaşa toxunmur. Onun sözlərinə görə, bu səbəbdən ABŞ Əfqanıstan və İraqdakı mövqeyini bu prosesdə davam etdirmir: “Digər tərəfdən, hər iki ölkədə, yəni, həm ABŞ-da, həm də Fransada çox güclü erməni lobbisi var. Bu erməni lobbisi öz gücünü ABŞ Konqresində və Fransa Senatında büruzə verir. Məsələ ondadır ki, ABŞ və Fransa administrasiyaları xarici siyasətin müəyyənləşməsində bir qədər sərbəst olsa da, bir də Konqresdən və Senatdan asılıdırlar. Yəni, bu ölkələrin hökumətlərinin verdikləri qərarlar qanunverici orqanlar tərəfindən təsdiq olunmalıdır. Erməni lobbisi bir çox hallarda bu məsələdə Azərbaycana əngəl olur. Bu özünü ilk növbədə Ermənistana və Dağlıq Qarabağa ayrılan maliyyə yardımlarında, daha sonra isə Azərbaycana silah satışına əngəllər yaradılmasında göstərir. Bu iki məsələyə dair təkliflər həmişə Konqres və Senatın təsdiqindən keçməlidir. Təəssüf ki, erməni lobbisinin səyləri nəticəsində Azərbaycanən mövqeləri hər zaman uduzur. Yəni, həmin ölkələrdəki erməni lobbisi bizim lehimizə qərarın çıxarılmasını əngəlləyir”.
Maraqlıdır ki, M.Brayza özü həmsədr olduğu dönəmdə indiki kimi fikirlər işlətmirdi. Xüsusilə onun sözünün keçərli vaxtında Obama və Kerrini bu prosesdə iştirak etməyə çağırmayıb, indi buna çağırış etməsi olduqca qeyri-səmimi görünür. F.Mehdiyev qeyd edib ki, bəlkə də Brayza bunu indi başa düşüb: “Yəni, Brayza indi başa düşüb ki, prezident səviyyəsində bu məsələyə müdaxilə olunmasa, öz həllini tapmayacaq. Bu, variantlardan biridir. Amma məncə inandırıcı deyil. Brayza təcrübəli diplomat idi və o bilməli idi ki, Rusiya tərəfindən müdaxilə olunduqda birbaaş prezident səviyyəsində olunur. Ona görə də ABŞ tərəfindən də eyni şəkildə prosesə müdaxilə olunmalı idi. Bu, nəzərdən qaçırılır. Brayzanın nəyə görə bunu indi deməsi ilə bağlı iradınızda haqlısınız. O bunu indi deməməli idi”.
Politoloq M.Brayzanın dilinin indi açılmasının səbəblərinə də aydınlıq gətirib: “Çünki Brayza o vaxt vəzifəli şəxs idi və prosesdə Amerika dövlətini təmsil edirdi. Əgər o vaxt bu sözü demiş olsaydı belə, Obama bu prosesə müdaxilə etməyəcəkdi. Brayza öz ifadəsi ilə ölkəsini pis vəziyyətdə qoyacaqdı. Ona görə də bunu deyə bilmirdi. Amma indi Minsk Qrupunun həmsədrlərindən biri deyil və Amerika tərəfindən sövlət qulluqçusu kimi heç bir vəzifəsi yoxdur. Ona görə də indi daha rahat, daha sərbəst danışır”.
Səxavət