"Azərbaycan Dəmir Yolları" QSC Yevlaxda sərnişin qatarının qəzaya düşməsi barədə rəsmi məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın məlumatına görə, bu gün saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci kilometrliyində, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsinin mühərriki sönərək keçiddə qalıb. Onun sözlərinə görə, nəticədə toqquşma hadisəsi baş verib.
"Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin nəticələri bir neçə saat ərzində aradan qaldırılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Qəza səbəbindən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib. Həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir mədudiyyət tətbiq olunmur və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər", - deyə vurğulanıb.