Bakının Xətai rayonunda avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 29-na keçən gecə Bakı şəhər sakini Ələddin Məhərrəmova məxsus “Niva” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci polis bölməsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Qısa müddətdə həmin avtomobilin üzərinə kustar üsulla hazırlanmış nömrə taxılaraq idarə edilməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə həmin nəqliyyat vasitəsi Badamdar qəsəbəsinin ərazisində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı ona məxsus dövlət qeydiyyat nişanları aşkar edilib.
Avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Talıb Hüseynəliyev saxlanılaraq Xətai rayon Polis İdarəsinə təhvil verilib.
Araşdırmalar nəticəsində onun dekabrın 23-nə keçən gecə Bərxudar İbadova məxsus “Niva” markalı avtomobili qaçırması və dövlət qeydiyyat nişanlarını çıxardıqdan sonra Xətai rayonu ərazisində saxlayaraq oradan uzaqlaşması da müəyyən edilib.