15 Yanvar 2019 22:14
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda təmir işləri zamanı bir nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın ikinci mərtəbəsindən yıxılan 1994-cü il təvəllüdlü Əsgərov Seymur Ədalət oğlu iki bina arasındakı boşluğa düşüb və xəsarət alıb. Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində S. Əsgərov binaların arasındakı boşluqdan çıxarılıb.

Xilas olunan şəxs hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. İlkin müayinə zamanı S. Əsgərovun huşsuz vəziyyətdə olduğu müəyyən edilib.


Müəllif: Teleqraf.com