16 Yanvar 2019 15:22
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, ötən gecə, saat 02:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub.

Sərhəd zastavası və qonşu bölmələrin şəxsi heyəti tərə­findən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İs­lam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dərhal məlumatlandırılıb, İİR sərhəd mühafizə orqanları tərəfindən həmin istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.

Görülən tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub.

Araşdırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olması müəyyən olunub.

Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 mm-lik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülüb.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov