18 Yanvar 2019 13:04
2 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi oğurluğa cəhd edən şəxsin tutulmasını təmin edib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayonu H.Əliyev küçəsində yerləşən geyim və mobil telefonların satışı mağazasından oğurluğa cəhdin qarşısının mühafizə polisi tərəfindən alınıb.

Belə ki, gecə saatlarında Nəsimi rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan mağazalardan Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

İdarə əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Teymur Cəfərov hadisə yerində saxlanılıb.

Hadisəni törədən şəxs aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsi 19-cu polis şöbəsinə təhvil verilib.

Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub.

Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən 2018-ci il ərzində rayon ərazisində baş verən ümumilikdə 29 cinayətin qarşısı alınıb.

İctimai asayişi pozan 104 nəfər saxlanılaraq aidiyyəti üzrə polis bölmə və şöbələrinə təhvil verilib və 1377 obyekt mühafizəyə cəlb edilib.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlara müqavilə bağlayan fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur.


Müəllif: Hacı Zeynalov