28 Avqust 2014 16:29
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası sentyabrın 27-də VIII qurultayını keçirəcək. Bu məqsədlə partiyada başqanlığa namizədliyini irəli sürən şəxslər təbliğat kampaniyasına start veriblər. Şanslı namizədlər Arif Hacılı, Tural Abbaslı, Səxavət Əlisoy və Qubad İbadoğludur.

Müsavat ən iri müxalifət partiyası olduğu üçün yeni başqanın kimliyi digər müxalif təşkilatları da ciddi maraqlandırır. Çünki yeni başqanın kimliyi həm də onun hansı partiyalarla əməkdaşlıq və müttəfiqlik edəcəyi haqda müəyyən qədər fikir yarada bilər.

İsgəndər Həmidov: “Arif Hacılı istiqlalçı deputatdır, partiya üçün əziyyəti olub”

Milli Demokrat (Bozqurd) Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri İsgəndər Həmidov deyib ki, İsa Qəmbər hazırda Müsavatın rəhbəridir, onun başqanlığı müddətində bu partiya daima siyasi fəaliyyətdə öndə olub: “İsa Qəmbər ağsaqqal rolunu oynamaqda davam edəcək, partiyanın başına kimin keçəcəyini isə qurultay nümayəndələri müəyyən edəcək. Biz də qurultay nümayəndələrinin seçiminə hörmətlə yanaşacağıq”.

İsgəndər Həmidov əlavə edib ki, başqanlığa iddia edən şəxslər arasında Arif Hacılı və Qubad İbadoğlunu tanıyır: “Mən hər iki şəxslə bağlı yüksək fikirdəyəm. Arif Hacılı isə bizim mübarizə yoldaşımızdır, son 25 ildə bir yerdə olmuşuq, özü də istiqlalçı deputatdır, partiya üçün çox əziyyətləri olub”.

AXCP Arif Hacılının başqan seçilməsini istəmir

AXCP-də Müsavatın gözlənilən qurultayı haqda danışmaq istəyən funksioner tapılmadı. Əlaqə saxladığımız şəxslər bildirdi ki, qurultay Müsavat Partiyasının daxili işidir və orada hansı qərarın veriləcəyini də qurultay nümayəndələri müəyyən edə bilər. Bununla belə AXCP-də qeyri-rəsmi deyirlər ki, onlar heç də Arif Hacılının başqan olmasını arzulamazlar. Səbəb isə odur ki, Hacılı AXCP-yə münasibətdə heç də ədalətli mövqe tutmur. AXCP-də güman edirlər ki, əgər Arif Hacılı başqan seçilsə, müxalifət düşərgəsi Müsavatı birdəfəlik itirəcək. Açıq hiss edilir ki, cəbhə Arif Hacılı Qubad İbadoğlu seçimində ikinciyə üstünlük verir. Başqanlığa iddiası olan Səxavət Əlisoy da AXCP-yə dost insan kimi qiymətləndirilir.

ADP qurultayın baş tutmayacağını deyir

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, Müsavatın qurultayından məlumatsızdır: “Siz indi dediniz, mən də məlumat əldə etdim. Yaxşı tutaq ki, bunlar qurultayı sentyabrın 27-də keçirməyi planlaşdırırlar, hətta iddialı şəxslər partiya daxilində seçki kampaniyasına start veriblər. Bəs, bunlara yer verilməsə necə olacaq? Mən qurultayın baş tutacağına inanmıram”.

Sərdar Cəlaloğlu əlavə etdi ki, indi Müsavatın mövcudluğu baxımından ən doğru seçim İsa Qəmbərin özünün başqanlıqda qalmasıdır: “Yox, əgər İsa Qəmbər bu niyyətdə deyilsə, o zaman Müsavatı saxlayacaq fiqur Arif Hacılı ola bilər. Hacılı uzun illərdir ki, Müsavatda təşkilati işlərlə məşğul olur və bu baxımdan partiyanı yaxşı tanıyır. Bu şəxs Müsavatı saxlaya bilər. Üçüncü şəxsi görmürəm”.

“Seçkilər azad, demokratik və şəffaf keçirilməlidir”

KXCP konkret olaraq Müsavatda hansı şəxsi başqan kimi görmək istədiyini açıqlamayıb. Partiyanın Ali Məclisinin sədri Bəybala Əbil dedi ki, qurultayın işinə müdaxilə edə bilməzlər. Onun sözlərinə görə, yeni başqanın seçilməsi qurultay nümayəndələrinin səlahiyyətində olan məsələdir: “Biz bu məsələyə müdaxilə etməyi doğru saymırıq. Müsavatın qurultayı onsuz da neçə illərdir ki, gecikir. Ümid edirik ki, bu dəfə qurultay baş tutacaq. Müsavatın qurultay nümayəndələri kimi başqan seçsə, KXCP onu tanıyacaq. Başqa cür ola da bilməz. İndi kimin başqan seçilməsi məsələsini də qurultay həll etməlidir. Sadəcə olaraq hesab edirəm ki, bu seçkilər çox ədalətli və şəffaf keçirilməlidir. Müsavat Azərbaycanda ən böyük müxalifət partiyalarından biridir və hesab edirəm ki, qurultay partiyanın gələcək fəaliyyəti baxımından əhəmiyyətli olacaq”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər