21 Fevral 2019 12:51
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada çayda batan sürücünün meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya düşən sürücü itkin düşüb.

Araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilib.

Hadisə baş verən andan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyəti qurumların əməkdaşları səfərbər olunaraq həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlayıb.

Ərazinin çay kənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülüb, ərazinin mühafizəsi təşkil edilib.

Məlumatda qeyd olunub ki, birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də nəticəi verib.

Vüqar Qasımovun meyiti çaydan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Hacı Zeynalov