30 Avqust 2014 18:27
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlahət İbrahimqızı: "Ermənistan parlamentində rəsmi şəxslər öldürüləndə hansı beynəlxalq hesabatda əksini tapdı?"

"ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər. Buna görə də, onların hansısa ədalətli mövqe nümayiş etdirəcəklərinə heç bir ümidim yoxdur. Görünən odur ki, hər üç həmsədr dövlət ermənipərəstdir. ABŞ, Fransa və Rusiyanın həmsədr olması işğalın uzanmasına səbəb olub. Çünki hər üç dövlətin Ermənistana isti yanaşması məlumdur. Ermənistan Rusiyanın forpostudur, ABŞ və Fransada isə erməni lobbisi və diasporu güclüdür.

Minsk qrupu həmsədrlərinin bəyanatlarında həmişə Ermənistan ilə Azərbaycan bərabərləşdirilir. Amma belə olmalı deyil. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan ölkədir".

Bunu Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

Deputat daha sonra bəzi xarici beynəlxalq qurumların Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirdiyini ifadə edib və bildirib ki, bu cür hallar əsas diqqəti Qarabağ məsələsindən yayındırır: "Hazırda reallıq bundan ibarətdir ki, dünyada ədalət güc deyil, güc ədalətdir. Erməni lobbisi türk dünyasına, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı kampaniya aparır. Burada məqsəd Azərbaycanla Türkiyənin imicinə zərbə vurmaqdan ibarətdir. Vaxtilə erməni lobbisi dünyada elə rəy yaratmışdı ki, guya Ermənistana qarşı biz təcavüz etmişik. İndi erməni lobbisi diqqəti Ermənistanın işğalçılıq siyasətindən yayındırmaq üçün guya Azərbaycanda demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı ciddi problemlərin olduğunu ortaya atırlar. Bu prosesdə isə beynəlxalq statuslu qeyri-hökumət təşkilatlarından istifadə olunur.

Bu gün Azərbaycanda hüquqi dövlət qurulub. Hüquqi dövlətdə isə qanun hamı üçün bərabərdir. Əgər qanun pozulubsa, qanunun aliliyi təmin olunmalıdır. Bütün hüquqi dövlətlərdə belədir. Amma Azərbaycanda demokratiya ilə bağlı qərəzli fikirlər səsləndirmənin əsas məqsədi isə dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçı siyasətindən, Qarabağ məsələsindən yayındrmaqdır. Vaxtilə Ermənistan parlamentində rəsmi şəxslər öldürüləndə hansı beynəlxalq hesabatda əksini tapdı? Yaxud ötən il prezident seçkilərində namizədə qarşı sui-qəsd edildi. Beynəlxalq təşkilatlar bu fakta ciddi əhəmiyyət vermədilər.

Bu gün ABŞ-da və Avropada irqçilik həddən artq güclənməkdədir. Qara dərililərə qarşı diskriminasiya gedir. ABŞ-da qaradərili polis tərəfindən öldürülüb, müxtəlif ştatlarda mitinqlər gedir. Amma özlərini insan haqlarının müdafiəçisi elan edən qurumlar bu haqda səslərini çıxarmır. Bütün bunlar dünyadakı reallıqları, ikili standartları göstərir".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər