Bakıda iş adamının intihar edərək öldürməsi ilə bağlı cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, bu ilin fevralın əvvəlində intihar edən Hənifə Mustafayevin işi ilə bağlı Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətlərinin həyata keçirilməsi üçün rayon məhkəməsinə təqdimat göndərilib.
Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Məhkəmə intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi əsasında istintaq-əməliyyat tədbirlərinin aparılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bu ilin fevralın əvvəlində Sabunçu rayonu, Maştağa qəsəbəsi Lahıc bağlar massivindəki bağ evinin həyətində iş adamı Hənifə Mustafayev intihar edib.
Məlum olub ki, özünü asan 37 yaşlı biznesmenin xeyli borcu olub.
Ailəsi ilə birgə şəhərdə yaşayan Hənifə Mustafayev qapı-pəncərə biznesi ilə məşğul olub.
Son vaxtlarda onun xeyli borcu toplanıb və pulu geri qaytarmaqda çətinlik çəkib.
Ödəmələri həyata keçirə bilməyən iş adamı çıxış yolunu özünü öldürməkdə tapıb. O, Lahıcdakı bağına gələrək özünü həyətdə asıb.
Qonşular Hənifə Mustafayevin həyətində bir nəfərin xeyli müddət dayandığı yerdə hərəkətsiz qaldığını görərək şübhələniblər.
Həyətə daxil olan qonşular Hənifə Mustafayevin özünü asdığını və cansız bədənini görərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.