Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda çoxmərtəbəli binada yanğın olub.
Teleqraf.com xəbər verir ki, “Lider” televiziyasının yaxınlığındakı 24 mərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar 60-a yaxın insan təxliyə edilib. Təxliyə olunanlar arasında tüstüdən zəhərlənənlər olduğu üçün onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bəzi mətbuat orqanlarında yanğın baş verən binadan oğurluq edilməsi barədə də məlumat yayılıb. Qeyd olunub ki, yanğınsöndürənlər oğurluq edən şəxsi tutaraq polisə təhvil verib.
Araşdırmalar zamanı məlum olub ki, həmin vaxt binada heç bir oğurluq hadisəsi baş verməyib, yanğın baş verən yaşayış kompleksindən oğurluq edən şəxsin tutulması barədə KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Teleqraf.com-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, həbs olunduğu iddia olunan şəxs yanğın zamanı köməyə gələn adamlardan biri olub:
“Elə başa düşülüb ki, oğurluğa gələndir. Oğurluq edilməsi faktı müəyyən olunmayıb. Hadisə yerində yanğın baş verib, polis də orada müəyyən tədbirlər həyata keçirib. Görüblər ki, bu şəxs orada qalanlardan olmayıb, araşdırıblar. Məlum olub ki, həmin şəxs orada hündürmətbəli yaşayış binasının tikintisində fəhlə işləyib və oradan yanan binaya gəlib ki, vətəndaşlara köməklik etsin. Kimsə də kənardan görüb ki, bu yad adamdır, heç kimdən heç nə soruşmadan yazıblar, binada oğurluq hadisəsi olub və bu məsələni sosial mediada şişirdiblər. Bunlar həqiqəti əks etdirmir”.
Qeyd edək ki, hadisə baş verən gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata əsasən, binada elektrik kabellərində tüstülənmə olub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Çoxmərtəbəli yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb.