Türkiyədə 18 yaşlı Azərbaycan vətəndaşı Abduləvval Orucov itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə modern.az-a Orucovun anası Afət Bəşirova məlumat verib. Onun sözlərinə görə, oğlunu sonuncu dəfə fevralın 12-də görüb.
"Oğlum Anadolu liseyini qazanmışdı. Amma yaşadığımız əraziyə görə Rezonhas liseyinə getməyə başladı. Bir müddət sonra maddi sıxıntılara görə liseyi bir il dondurduq və açıqdan oxumağa başladı. Dedi işləyim, 1 il içində pul toplayım davam edim. Ondan sonra mənimlə çalışdıgım iş yerinə gəlir, mənə kömək edirdi. Çox zaman da işdən bərabər çıxıb evə gedərdik. Fevralın 12-də yenə iş yerinə gəldi, dedi ana icazə verərsənsə bu gün işləməyim. Dogrusu ona başqa yerdə iş tapmışdıq. Mən də dedim ki, get dincəl, yeni işinə də dinc şəkildə başlarsan".
Oglu Abduləvvalla günorta iş yerində ayrılan ana bir daha da onu görməyib. Amma o gün baş verənlər də şübhəli olub:
"Bir neçə dəfə telefonunu yığdım, dedim hardasan. Dedi Maltəpədə (İstanbulda rayon adı) parkda oturmuşam. Dedim vaxtında get evə. Bir neçə saat sonra yenə zəng etdim, eyni cavabı aldım. Dedim dur evə get, mən də gəlirəm, bu soyuqda nə işin var parkda. Evə getdim, saat 10 oldu, oğlum yoxdu. Bir daha yığdım dedi Trabzona gedir, yoldadır. Bu cavabdan atası da, mən də şok olduq. Biz 4 ildir İstanbuldayıq, ilk dəfə oğlum bizə demədən harasa gedirdi. Hara gedirsən geri gəl, kimlə gedirsın desək də, cavab ala bilmədik".
Bir gün sonra - fevralın 13-də Abduləvval Orucov başqa bir nömrədən anasına zəng edib və deyib ki, onlara 50 gün zəng edə bilməyəcək. Anası oğlunun təlaşlı danışığından şübhələnib. Sorusub ki, niyə öz nömrəsindən yığmır. Cavab daha da ağır olub.
"Oglum dedi ki, telefonu əlindən alıblar. Bu onun son sözü oldu və bundan sonra səs kəsildi. Bir daha da xəbər ala bilmədik. Sonradan zəng gələn sonuncu nömrəni arşadırdıq. Qazaxıstan kodlu mobil nömrə idi".
Ailə məsələ ilə baglı polisə müraciət edib. Polis öncə şikayəti qəbul etməyib. Çünki itkin düşən şəxs 18 yaşını tamamlayıb. Bir neçə gün sonra isə iş polisin də diqqətin çəkib və şikayət qeydə alınıb.
"Biz 1 aydan çoxdur hər gün polisə gedirik, hər yerə müraciət edirik. Amma nə araşdırma başlanıb, nə də bizə konkret bir söz deyən var. Qorxuram ki, oğlumu hansısa dini qruplaşma və ya terror örgütü iş adına aldadıb aparıb. Çünkü oğlum oxumağa görə yaxşı iş axtarırdı. Əgər ailə sözündən çıxan və ya bir az fərqli gənc olsaydı qorxmazdım. Amma sakit və savadlı idi. Onun pis işlə məşğul olması mümkün deyil. Amma aldadıla bilərdi".
Abduəvvəl qeyri-müəyyən şəkildə evdən çıxsa da, gedərkən xarici paspotrunu götürməsi də diqqət çəkir. Bu, gəncin bir neçə zamandır ki, getməyi planlaşdırdığını göstərir.
"Bizim ümidimiz yenə də öz dövlətimizədir. Bəlkə dövlətimiz bu işin arşadırımasında bizə yardım edə. Biz imkansızıq, bura işləyib problemlərimizi həll etmək üçün gəlmişik. Araşdırılmanın aparılmasına dəstək olmaq üçün vəkil də tuta bilmirik".
Qeyd edək ki, ailə dünən Azərbaycanın İstanbuldakı Konsulluğunda olub. Konsulluq Abduləvvəl Orucovun itkin düşməsi ilə baglı polisdən onlara rəsmi bilgi gəlmədiyini bildirib. Amma ailəyə məsələ ilə maraqlanacaqlarını və onlara bu barədə gedən işlə baglı məlumat veriləcəyini deyiblər.
Orucovlar 4 il əvvəl Azərbaycanın Şəki şəhərindən Türkiyənin İstanbul şəhərinə gəlib və burda işləməyə başlayıb. Abduləvval Orucov o zaman 14 yaşında olub. Azərbaycanda rus dilində təhsil alsa da, Türkiyədə oxuduğu məktəblərdə də seçilib.