Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qoşunlarının təmas xəttində vəziyyət xeyli sakitləşib və stabilləşib. Bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Trend-ə eksklüziv müsahibəsində bildirib.
A.Kaspşik qeyd edib ki, avqustun əvvəllərində qoşunlarının təmas xəttində vəziyyət çox gərgin idi və ərazilərə soxulma, ölüm, kəndlərin və dinc vətəndaşların hədəfə alınması halları barədə məlumatlar daxil olurdu: "ATƏT-in fəaliyyətdə olan sədri, Minsk qrupunun həmsədrləri, digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri atəşkəs rejiminə ciddi şəkildə əməl olunmasına çağırırdı".
Onun sözlərinə görə, avqustun 10-da Soçi görüşündə bu məsələ Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə müzakirə olundu və görüşdən sonra vəziyyət stabilləşdi: "Bu, çox müsbət haldır və ümid edirəm ki, belə də davam edəcək".
A.Kaspşik bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri müntəzəm olaraq regiona səfər edir və münaqişənin həllinə nail olmaq üçün hər iki ölkənin rəhbərliyi ilə görüşürlər.
ATƏT rəsmisi qeyd edib ki, atəşkəs rejimi tərəflərin əldə etdiyi saziş nəticəsində qüvvədədir və atəşkəs rejiminə əməl olunması tərəflərin iradəsindən asılıdır: "Atəşkəs rejiminin qoşunlar tərəfindən pozulmamasını təmin etmək hər iki tərəfin məsuliyyətindədir".
A.Kaspşik tərəflər arasında etimadın yaradılması üçün hər cür kömək etməyə hazır olduğunu və mandatına uyğun olaraq yeni ideyalar təqdim etmək üçün çalışdığını vurğulayıb. ATƏT rəsmisi monitorinqlər zamanı tərəflərin komandirlərinə ATƏT-in radioqəbuledici qurğularından istifadə edərək birbaşa danışıqlar aparmaq şansı yaratdığını, tərəflərin təmas xəttində və sərhəddə insidentlərin sayının azaldılması üçün yararlı hesab edə biləcəyi tədbirlərin həyata keçirilməsinə dəstək olduğunu bildirib: "Mən cəbhə xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlərin mühafizəsinə, kəndlərə səfərlərin edilməsinə və oradakı vəziyyətlə tanış olmağa daha çox diqqət yetirirəm".
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sözlərinə görə, o, əsir və itkin düşmüs şəxslərlə bağlı komissiyaların, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin saxlanılan şəxslərin qaytarılması və cəsədlərin repatriasiyası sahəsindəki fəaliyyətini dəstəkləməyə çalışır: "Ümumiyyətlə, vəziyyəti yüngülləşdirə biləcək və həmsədrlər tərəfindən aparılan sülh danışıqlarında irəliləyişə gətirib çıxara biləcək etimad tədbirlərinin həyata keçirilməsinə çalışıram".
Azərbaycana ötən ay səfəri zamanı müdafiə naziri Zakir Həsənovla görüşünə toxunan A.Kaspşik bu görüş imkanını çox yüksək qiymətləndirib: "Mandatıma uyğun olaraq, müzakirələrimiz atəşkəs rejimi ilə bağlı vəziyyət, monitorinqlər, saxlanılan şəxslər və cəsədlərin qaytarılması ilə bağlı humanitar aspektləri əhatə edirdi. Nazirlə vəziyyətlə bağlı gözəl fikir mübadiləsi apardıq. Münaqişənin həlli isə həmsədrlərin mandatı altındadır".