11 May 2019 13:13
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda Kür çayının sahilindən meyit tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 9-da Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə Şirvan şəhər sakini İlham Cəbiyevin işlədiyi Biləcəri qəsəbəsində yerləşən sərnişindaşıma şirkətindən çıxdığı və itkin düşdüyü barədə müraciət olunub.

Mayın 10-da Sabirabad rayonunun Minbaşı kəndi ərazisində, Kür çayının sahilində yorğanüzünə və palaza bükülmüş vəziyyətdə meyit tapılması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olunub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gedib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla üzərində zorakılıq əlamətləri görünməyən meyitin Şirvan şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş İ.Cəbiyev olduğu müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin Şirvan şəhər sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Fariz Ağayev tərəfindən qeyd edilən əraziyə gətirilməsi müəyyən edilib.

F.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, izahatında İ.Cəbiyevin mayın 8-də onun Abşeron gənclər şəhərciyindəki kirayədə yaşadığı evə gəlməsini və orada artıq miqdarda narkotik vasitə qəbul etməsindən ölməsini, mayın 10-na keçən gecə qohumuna məxsus “Mercedes” markalı avtomobildə cəsədi qeyd edilən yerə aparmalarını bildirib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər