Ana Vətən Partiyası (AVP) bələdiyyə seçkilərində iştirak edəcəyi barədə qərar verib.
Teleqraf.com-un məlumatına görə, AVP sədri Fəzail Ağamalı partiya üzvlərinin tətildən qayıtdığını söyləyib:
“İstirahətimiz pis keçmədi, dincələ bilmişəm, partiyanın funksionerləri də müəyyən zaman kəsiyində istirahət etdilər. Yeni enerji və əhval-ruhiyyə ilə artıq işə başlayıblar. Qarşıdakı aylarda başlıca vəzifəmiz bələdiyyə seçkilərinə qatılıb daha çox mandata nail olmaqdır. Bu həftədən başlayaraq bələdiyyə seçkilərinin bitməsinədək diqqəti seçkilərə yönəldəcəyik. Eyni zamanda partiyada təşkilatlanma işi, strukturların genişlənməsi və onun texniki imkanlarının artırılması, rayon və şəhər təşkilatlarının ofislə təmin olunması işi davam etdiriləcək. Hansı rayonlarda fəaliyyətimiz zəifdirsə, onlara bir daha baxılacaq. Bəzi rayonlarda bununla bağlı konfransların keçirilməsi gözlənilir. Bir sözlə, partiyamızda fəaliyyətimizin yeni mərhələsi başlayır. Bir neçə gün bundan qabaq Qubadlı rayon təşkilatının Sumqayıt şəhərində yeni ofisi açıldı”.
O, partiyada kadr dəyişikliyinin olacağını da söyləyib: “Oktyabrda partiyanın Məclisinin keçiriləcəyi gözlənilir. Ola bilsin ki, orada müəyyən yeniliklər olsun. Biz bu məsələdə tələsmirik. Ötüb keçən, baş vermiş hadisələr bizə diqtə edir ki, partiyanın bu və ya digər yüksək səviyyəli postlarına kimisə cəlb edəndə və ona səlahiyyətlər verəndə tələsmişik. Daha çox ölçüb-biçək, təmkinlə yanaşaq, həmin insanları daha dərindən öyrənək və potensialını müəyyənləşdirməyə çalışaq ki, sonradan onu qabağa çəkdiyimizə və geniş imkanlar yaratdığımıza görə problemli məqamları yaşamayaq”.
Sədr partiyada siyasi məsələlər üzrə müavinlik postunun hazırda boş olduğunu qeyd etdi: “Vaxtilə bu vəzifə Zahid Oruca etimad göstərilərək ona tapşırılmışdı. O da müəyyən zaman kəsiyində o postda fəaliyyətini qurdu və fəallıq göstərdi. Lakin artıq ikinci parlament seçkilərindən sonra həmin vəzifədə siyasi fəallığı nümayiş etdirmədi. Bəlkə də nümayiş etdirə bilmədi, bunu dəqiq deyə bilmərəm. Beləliklə, Zahid Oruc getdi. O, özü ilə siyasi post aparmayıb. Bu, AVP-nin nizamnaməsinə uyğun olaraq funksioner vəzifədir. Zahid Oruc gedər, onun yerinə başqası gələr. Bu postun onun adına ilə bağlanmasına ehtiyac yoxdur”.
Kəmalə