Mayın 27-dən Ərdəbil zindanında aclıq aksiyasına başlayan Güney azərbaycanlı tanınmış milli-mədəni fəal Abbas Lisani aksiyasını davam etdirir.
Teleqraf.com Güney Azərbaycana bağlı saytlara istinadən xəbər verir ki, zindan məsulları aclıq aksiyasının 10-cu günündə olan fəalın tələblərinə və onun vəziyyətinə laqeyd yanaşır.
Qeyd edək ki, A.Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsinin ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.
Fəalın yaxınlarının dediyinə görə, Abbas Lisaninin vəkili məhkəmə iclasından əvvəl onun mütaliə etməsi üçün dosyesinin xülasəsini zindanın katibliyinə təhvil verib. Lakin zindan məsulları həbsxananın təhlükəsizlik bölümünün rəisinin göstərişi ilə həmin vərəqələri Abbas Lisaniyə təhvil verməkdən imtina edir.
Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb.
Abbas Lisani apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.