9 Sentyabr 2014 12:24
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Bakıda bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb.

Məlumata görə, o, qapalı keçirilən görüşdə deyib ki, vətəndaş cəmiyyəti demokratik islahatların dəstəklənməsi və hökumətdən hesab sorulmasında vacib rol oynayır. Komissar əlavə edib ki, Avropa Birliyi Azərbaycanın vətəndaş cəmiyyətinə, demokratiya və insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə 3 milyon avro ayırıb.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Birliyinin komissarı tərəfindən səsləndirilən bu fikirlər təəssüfləndirici haldır. Onun sözlərinə görə, əgər ayrılan qrantların bölgüsü beynəlxalq təşkilatlar tərəfindən şəffaf şəkildə həyata keçirilmirsə, qrantlar elan formasında getmirsə və gizlədilirsə, əlbəttə bunun arxasında Azərbaycana qarşı məkrli niyyətlər durur: “Biz bunun vaxtaşırı şahidi olmuşuq ki, müxtəlif qeyri-hökumət təşkilatlarının gizli şəkildə maliyyələşdirməsinin arxasında bir sıra ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq durur. Onlar həmin ölkələr qarşısında xüsusi bir öhdəlik götürürlər. Düzdür, indi belə təşkilatların sayı azdır, amma hər halda belə faktlar var. Bu çox təəssüfləndirici haldır və Azərbaycan dövlətçiliyinə qarşı yönəlib”.

R.Qonaqov deyib ki, bir sıra beynəlxalq təşkilatların bu kimi “dəstəyi” nəticəsində Azərbaycanda düzgün olmayan rəy formalaşdırmaq istəyi durur: “Eləcə də Azərbaycandan beynəlxalq təşkilatlara yalan məlumatlar ötürmək niyyəti açıq şəkildə özünü göstərir. Çox təəssüflər olsun ki, bu kimi faktlar qeyri-hökumət təşkilatlarını həmin beynəlxalq qurumların əlində bir alətə çevrilməsinə səbəb olur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər