Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, iyunun 17-də paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Zamiq Məmmədovun idarə etdiyi “Hyundai” markalı, 10-FS-939 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1952-ci il təvəllüdlü Zemfira Rozakovanı vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
İlkin istintaqla hadisənin Z.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsi və yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.