30 Aprel 2014 13:54
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı “İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda müzakirələr keçirilir.

Teleqraf.com xəbər verir ki, görüşdə bəşəriyyətin inkişaf paradiqmalarında baş verən dəyişikliklər, yeni təkamül modellərinin yaranması, dünyanın qarşılaşdığı mürəkkəb məsələlərin həlli yolları, iqlim dəyişikliklərin həyata təsiri müzakirə olunub.

Dünya Elm və İncəsənət Akademiyasının fəxri prezidenti İvo Şlaus müzakirə edilən mövzunun insanlıq üçün vacib olan məsələlərə həsr olunduğunu deyib. Onun sözlərinə görə, paradiqmaların dəyişikliyi məsələsi bəşəriyyətin bundan sonra hansı istiqamətdə irəliləyəcəyini üzə çıxarmaq üçün vacibdir.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin müasir dövrün ən böyük dəyişikliyinin internet texnologiyalarının meydana çıxması olduğunu deyib. O bildirib ki, hazırda sürətlə inkişaf edən və yayılan mobil texnologiyalar insanların həyatında köklü dəyişikliklər yaradır, sərhədləri yox edir. Eyni zamanda insanların həyatında, yaşam tərzində də dəyişikliklər baş verir. Onun sözlərinə görə, müasir texnologiyalar yeniliklər təqdim etsə də bəşəriyyətdə hələ də böyük problemlər qalmaqda davam edir.

Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa dəyişikliklər paradiqmasından danışarkən qeyd edib ki, bəşəriyyətin inkişafında həm sıçrayışlar, həm də təkamül yolu ilə baş verən inkişaf modelləri mövcud olub. Hazırda yeni nümunələrin yaranmasında müəyyən ləngimələr mövcud olduğunu deyən sabiq prezident vurğulayıb ki, elmin imkanları məhdud deyil və yeni paradiqmalar meydana çıxdıqda onun hüdudlarının nə qədər geniş olduğunu görmüş olarıq. Onun sözlərinə görə, insan ləyaqəti də paradiqmalardan biridir, lakin bu hamı tərəfindən eyni şəkildə qəbul olunmur. “Əgər bəşəriyyət daim yeni inkişaf paradiqmalarının yaranmasını istəyirsə, insanlar qarşılıqlı hörmət şəraitində yaşamağa başlamalıdır”, - deyə o qeyd edib.

Dünya Elm və İncəsənət Akademiyasının nümayəndəsi Harri Yakobsun fikrincə, hazırda paradiqmaların dəyişikliyi baş verir. O qeyd edib ki, insan müasir dünyada iqlim dəyişiklikləri, iqtisadi problemlər, işsizlik kimi məsələlərlə qarşılaşır. Qarşıda duran əsas vəzifə bu məsələlərin həllinin tapılmasıdır. Elə bir model yaradılmalıdır ki, onun köməyilə bəşəriyyətin əsas problemlərini həll etmək mümkün olsun.

“İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda Konsorsium tərəfdaşları üçün hazırlıq toplantısının ilk yarısında Beynəlxalq Avropa Hərəkatının baş katibi Dioqo Pinto, Dünya Elm və İncəsənət Akademiyasının prezidenti Heytor Qurqulino de Souza, Roma Klubunun vitse-prezidenti Ernst von Vayzsaker və başqaları çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər