Natiq Cəfərli: “Bunu təəssüflə izləyirəm”
REAL Hərəkatının icra katibi Natiq Cəfərli Müsavat Partiyasının qurultayı öncəsi partiyada yaşanan prosesləri şərh edib.
Teleqraf.com-un məlumatına görə, N.Cəfərli öncəliklə təmsil olunduğu hərəkatdan danışıb. Onun sözlərinə görə, REAL yarandığı ilk gündən Azərbaycanın siyası müstəvisinə yeni anlamlar, qavramlar, sözlər, davranışlar gətirməyə, siyasi dilimizi zənginləşdirməyə başlayıb:
“Siyasətə dəyərlər, qırmızı cizgilər, lider ətrafında birləşmə deyil də, ictimai fikir liderlərinin ideya və dəyərlər ətrafında birləşməsi konsepsiyasını, yanaşmasını gətirməyə çalışdıq. Uzun illər heç bir siyasi partiyanın etmədiyini etdik – yeni proqram layihəsini ictimaiyyətə təqdim etdik. Çox xoşdur ki, bu gün siyasi səhnədə olan partiyaların hamısı yeni proqram sənədlərinin hazırladıqlarının anonsunu verdilər, yəni, açdığımız cığırdan irəliləmək istəyirlər və bu çox yaxşı haldır. Siyasi mübarizə, təkamül üçün təşkilatların xalqın qarşısına boş sözlərlə, şüarlarla deyil, mükəmməl hazırlanmış, detallı proqramlarla çıxması, siyasətin mitinq havasından, “oturmayan ermənidir”, yanaşmasından uzaqlaşması çox vacibdir. Bu günlərdə bütün ölkənin ümumi dəyəri olan Musavat Partiyasının qurultayı olacaq və yeni başqan seçəcəklər. İndidən bu prosesin xeyirli-uğurlu olmasını diləyirəm, qoy güclü olan qazansın. Könül istər ki, bu qurultayda şəxslər deyil, ideyalar, proqramlar, tezislər yarışsın, bunun ümumi siyasi ab-havaya müsbət təsiri olacaq. Amma, görünən odur ki, hələlik namizədlər mitinqlərdən fotolarını paylaşmaqla kimin daha çox mübariz olduğunu sübut etmək istəyirlər. Bunu təəssüflə izləyirəm, İnşallah, qurultayda neqativ pozlarla dolu olan fotolar deyil, ideyalar yarışacaq”.
Kəmalə