15 İyul 2019 12:59
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda sərnişinin qatarda siqaret çəkməsi ilə bağlı araşdırmalar başlayıb.

Bunu Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sosial şəbəkələrdə qatarda siqaret çəkən sərnişinin video görüntüsünün yayılmasına münasibət bildirərkən deyib. O bildirib ki, məsələylə bağlı müvafiq ölçülər götürüləcək:

“Metropolitendə siqaret çəkmək qanunla qadağandır. Qadağa yalnız sərnişinlərə deyil, həm də metropoliten işçilərinə şamil olunur. Biz bu məsələyə həssas yanaşırıq və həmin video-görüntü ilə bağlı məsələ araşdırılır. Hadisənin dəqiq nə vaxt baş verməsi və həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar başlayıb”.

B.Məmmədov bu kimi hallarda sərnişinlərdən metro işçilərini məlumatlandırmasını xahiş edib:

“Sərnişinlərin də öhdəliklərinə düşən hüquqlar var. Digər hallarda olduğu kimi, bu hadisəyə də reaksiya verməli idilər. Bu kimi hallarda digər sərnişinlər maşınistə və ya yaxud stansiyada metropoliten və ya polis işçisinə məlumat verə bilər”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı metrosunda sərnişinin qatarda siqaret çəkməsini əks etdirən video yayılıb.


Müəllif: Teleqraf.com