Xəzər dənizində Azərbaycanın Lənkəran limanı yaxınlığında İranın "Şəbahəng" quru yük gəmisi texniki nasazlığa görə qəzaya uğrayıb.
Bunu İranın Limanlar və Dənizçilik Təşkilatının təhlükəsizlik və dəniz mühafizəsi idarəsinin baş direktoru Əlirza Xocəstə deyib.
Ə.Xocəstənin sözlərinə görə, hadisənin ilkin səbəbi gəmiyə suyun dolması göstərilib: "Lakin təşkilatın hadisələrin araşdırılması üzrə komitəsi ekipaj heyətinin açıqlamasına əsasən rəy verməlidir".
Ə.Xocəstə bildirib ki, özəl sektora aid "Şəbahəng" gəmisi 900 ton keramika və kaşını İranın Ənzəli limanından Rusiyanın Mahaçqala limanına aparırmış. Onun sözlərinə, Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşlarının xilas etdiyi gəminin ekipaj heyətinin 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşı olub.
Təşkilat rəsmisi bildirib ki, ekipaj heyətinin 1-2 gün ərzində İrana dönəcəyi gözlənilir.
Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
"Tufan" tipli sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət ekipajını tam heyətlə xilas edib./trend/