Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ukraynanın Viktor Yuşşenko İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, sənəd qlobal və regional miqyasda etik prinsiplərə əsaslanan dialoq və əməkdaşlığın təbliğini nəzərdə tutur. Bütün xalqların qanunun aliliyinin qorunduğu və sülhün mövcud olduğu müştərək cəmiyyətdə yaşamaq hüququnu qəbul edən hər iki qurum mədəniyyət, dialoq, sülh və tolerantlığın təbliğ olunması istiqamətində birgə fəaliyyət göstərəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenkonun rəhbərlik etdiyi “Ukrayna 3000” fondu ilə də birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu memorandum humanitar sahədə, eləcə də Ukrayna və Azərbaycan xalqları, mədəniyyətləri arasında dialoq və anlaşmanı nəzərdə tutur. Hər iki sənəd Andorrada keçirilmiş “Avropada etimadın bərpa olunması” beynəlxalq konfrans çərçivəsində imzalanıb.
Qeyd edək ki, Ukraynanın dövlət və siyasi xadimi, ölkənin üçüncü prezidenti (2005-2010) Viktor Yuşşenko bu ilin mayından Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. O aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edib.
Səxavət