ABŞ-da Azərbaycan-İsrail münasibətləri barədə tədbir keçirilib
ABŞ-dakı yəhudi icmasını təmsil edən ən mühüm təşkilatlardan biri olan Amerika Yəhudi Komitəsi tərəfindən İsrailin Azərbaycandakı səfir Rafael Harpaz və Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanovun iştirakı ilə tədbir keçirilib. ABŞ-ın Merilend ştatında yerləşən Bet Şolom sinaqoqunda baş tutmuş toplantıya ştatın yəhudi icmasının fəal nümayəndələri, eləcə də burada yaşayan Azərbaycan icmasının təmsilçiləri qatılıblar.
Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
İştirakçılar qarşısında çıxış edən İsrail və Azərbaycan səfirləri ilk növbədə iki xalq və ölkə arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri və ildən-ildən genişlənib, inkişaf edən məhsuldar əməkdaşlıq haqqında fikirlərini bölüşüblər. Onlar möhkəm dayaqlara malik olan bu münasibətlərin bir çox aspektlər baxımından nümunəvi xarakter daşıdığını bəyan edib, münasibətlərin yüksələn dinamikasına nəzər salınıb və o cümlədən, iki ölkənin rəhbər şəxslərinin qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd ediblər. Bu mənada bir neçə gün əvvəl İsrailin müdafiə nazirinin Azərbaycanın müstəqillik illərində ilk dəfə ölkəmizə səfər etdiyi misal gətirilib.
Səfir R.Harpaz toplantının baş tutduğu gündə İsrail tərəfindən iki ölkə arasında diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılmasına dair sazişin ratifikasiya edilməsi barədə məlumat verib. O, həmçinin Azərbaycan cəmiyyətində hökm sürən dini tolerantlığı təqdir edib və müxtəlif dinlərə mənsub şəxslərin sərbəst və təhlükəsiz bir şəraitdə yaşadıqlarını qeyd edib. İsrail diplomatı ölkəmizdə anti-semitizm hallarına rast gəlinmədiyini xüsusi olaraq vurğulayıb və Azərbaycanın 30 minə yaxın yəhudi icmasının qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını önə çəkib.
Səfir E.Süleymanov isə dünyəvi dövlət olan Azərbaycanda din və vicdan azadlığının təmin edilməsi, dini-mədəni müxtəlifliyin, tolerantlığın qorunması və təşviqinə toxunaraq Azərbaycan dövlətinin başçısının bu istiqamətdə müəyyən etdiyi mütərəqqi siyasət barədə danışıb.
Səfirlər daha sonra İsrail-Azərbaycan münasibətləri, Avrasiya regionunda cərəyan edən hadisələr və ABŞ-la çoxşaxəli əməkdaşlıq barədə sualları cavablandırıblar.
Hazırda ABŞ-da səfərdə olan səfir R.Harpazın qarşıdakı günlərdə Vaşinqton, Filadelfiya və Nyu-York şəhərlərində İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.
Səxavət