Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, Müsavat Partiyasının Məclis üzvü Elxan Mehdiyev partiyanın qurultayı barədə münasibət bildirib, dəstəklədiyi namizədin adını açıqlayıb.
O, Teleqraf.com-a açıqlamasında Bakıdan kənarda olduğu üçün qurultayla bağlı təbliğat və təşviqat kampaniyasını internet vasitəsilə izlədiyini deyib.
E.Mehdiyev 4 nəfər başqanlığa namizəd arasında əsas rəqabətin Arif Hacılı ilə Qubad İbadoğlu arasında gedəcəyini söyləyib:
“Daha çox istərdim ki, başqan Qubad İbadoğlu seçilsin. Yaxşı iqtisadçıdır, beynəlxalq əlaqələri var, xarici dillərdə danışır. Müasir dünyada bu keyfiyyətlər partiya başqanı üçün daha önəmlidir. Amma Arif Hacılının da partiyada olduqca böyük rolu var. Partiya bərpa olunandan partiyanın yükünü daşıyır. Əqidəsinə görə də həbsdə olub, əziyyət çəkib. Məsələ şəxsləri üz-üzə qoymaq deyil. Amma Qubad İbadoğluda başqanlığa lazımi keyfiyyətləri görürəm”.
E.Mehdiyev partiya işində aktiv iştirak etmədiyini vurğulayıb: “Partiyadakı dostlarım da bunu bilir. Daha çox elmi-tədqiqat işi ilə məşğulam. Xaricdəki universitetlərdə çalışıram. Amma Müsavat Məclisində olmağı da tərcih edirəm. Sərbəst namizəd kimi Məclisə üzvlüyümü irəli sürmüşəm. Hər zaman da namizədliyimi dəstəkləyiblər. Budəfəki qurultayda da sərbəst Məclis üzvlüyünə namizədliyimi vermişəm”.
Müsavatda üstqurum yaradılaraq İsa Qəmbərin veto qoymaq hüququna malik olması kimi təkliflərə politoloqun münasibəti belə oldu: “Mən bu təklifin tam əleyhinəyəm. Çünki o, demokratik partiya sisteminə tamamilə zidd olan haldır. Bundan sonrakı karyerası barədə qərarı İ.Qəmbərin özü verməlidir. Amma düşünürəm ki, İsa bəy nüfuzlu lider kimi siyasi səhnədə qalacaq. Xarici ölkələrdə nüfuzlu adamlar partiya strukturlarında və rəhbərliyində təmsil olunmur”.
Nərgiz
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.