Daxili İşlər Nazirliyi Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 24-də saat 9 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində baş verib.
Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə M.Məmmədkərimovun sərnişinlərindən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.
Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır.
Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.
Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).
Ölən və xəsarət alanların hamısı "VAZ 2106" markalı avtomobildə olub.