16 Sentyabr 2014 10:26
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada demokratiyaya və insan haqlarına qarşı təhlükənin yaranması məsələsi Norveçin paytaxtı Oslo şəhərində Parlament Sədrlərinin Avropa Konfransında geniş müzakirə olunub.

Altmışa yaxın parlament rəhbərinin təmsil olunduğu konfransda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər edilib.

Parlament Sədrlərinin Avropa Konfransında üç məsələ “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət – tarazlığın əldə olunması” mövzularında müzakirələr keçirilib. Milli Məclisin sədri konfransda “Avropada demokratiya, suverenlik və təhlükəsizlik” mövzusunda çıxış edib.

Oqtay Əsədov çıxışı zamanı deyib ki, konfransda seçilən üç mövzu Avropanın bu günü və gələcəyi ilə bağlı olan mühüm məsələlərin böyük bir kompleksini müzakirə etməyə imkan yaradır: “Davamlı inkişafın ümdə şərtləri olan üç ali dəyər – demokratiya, suverenlik və təhlükəsizlik bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birindən asılıdır. Suverenliyin və təhlükəsizliyin təmin edilməsi demokratik proseslərin genişlənməsinə və dərinləşməsinə şərait yaradır, yaxud əksinə, dövlətin idarə edilməsində demokratik prinsiplərin həyata keçirilməsinin keyfiyyəti suverenliyin və təhlükəsizliyin təmin edilməsi səviyyəsini müəyyən edir.

Ötən əsrin son rübündə Avropa ölkələrində demokratiyanın inkişafı yolunda qarşıya çıxan çətinliklər, əsasən, daxili amillər – yəni ölkələrin özündə baş verən dəyişikliklər, xüsusən cəmiyyətin sosial strukturunun təkamülü, əhali təbəqələrinin sosial, iqtisadi, siyasi davranış standartlarının və motivlərinin yenilənməsi və digər amillər ilə bağlı idi. Bugünkü demokratiyanın qarşılaşdığı problemlər terrorizm, beynəlxalq cinayətkarlıq kimi ekzogen xarakterli amillərin dövlətlərin daxili həyatına getdikcə artan təsiri, bəzi ölkələrdə isə bunlardan əlavə, həm də etnik separatizm, davakar millətçilik, xarici işğal, dövlət suverenliyinin pozulması ilə müəyyən olunur.
Müasir dövrün çağırışları demokratik idarəçilik problemlərinin ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həllinin mümkünlüyünü şübhə altına alır. Məsələ bundan ibarətdir: indiyə qədər olduğu kimi seyrçi mövqe tutaraq demokratik inkişaf üçün çətinliklərin üst-üstə yığılmasını və artmasını gözləyək, yoxsa demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinin, xüsusən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin qarşısının alınması üçün vahid yanaşma formalaşdırmağa cəhd göstərək?

Qeyd edim ki, məsələnin məhz bu cür qoyuluşunu Azərbaycan dövlətinin nümayəndələri dəfələrlə müxtəlif forumlarda təklif etmişlər. Bunun səbəbi hamınıza çox yaxşı məlumdur. 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş zonada, eləcə də Ermənistan ərazisində dəhşətli soyqırımı əməlləri ilə müşayiət olunan etnik təmizləmə aparılıb, 1 milyon azərbaycanlı yurd-yuvasından didərgin salınıb. Bizim təkidli çağırışlarımızın kökündə həmişə bir fikir dayanıb: suverenliyə və təhlükəsizliyə qəsd demokratiyaya və qanunun aliliyinə qəsddir. Eyni zamanda, biz bu ideyanı avropalı həmkarlarımızın diqqətinə çatdırmaq istəmişik ki, üzv ölkələr arasında daha böyük vəhdətə nail olmaq məqsədinə can atan Avropa Şurasının üzvlərindən birinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə qəsd olunursa, bu, bütün birliyə, ümumi dəyərlərimizə qəsd kimi dəyərləndirilməlidir. Təəssüf ki, bütün bu illər boyu Avropanın siyasi gündəmi üçün digər məsələlər daha aktual hesab olunub. Deyə bilərəm ki, Avropa Şurasının digər bir üzvü tərəfindən silahlı təcavüzə məruz qalmış Azərbaycanın hüquq və ədalətə söykənən tələblərinə müvafiq qaydada reaksiya verilsəydi, Azərbaycanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi hesab olunsaydı, ikili standartlar kənara qoyulsaydı və hər şey öz adı ilə çağırılsaydı, yəni separatizm – xalqın öz müqəddəratını təyin etməsi, terrorçuluq – milli-azadlıq mübarizəsi adlandırılmasaydı, bəlkə də, indi bu dərəcədə ciddi təhlükələrlə üz-üzə qalmazdıq. Ağır olsa da, gəlin etiraf edək: Avropa böyük sınaqlar qarşısındadır”.

Spiker çıxışının sonunda Azərbaycan parlamenti adından bəyan edib ki, bu gün Avropa qitəsinin üzləşdiyi ağır problemlərin həlli və Avropada demokratiyanın, suverenliyin və təhlükəsizliyin etibarlı şəkildə qorunması üçün Azərbaycan digər Avropa ölkələrinin parlamentləri ilə səylərimizi birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırıq.
Xatırladaq ki, Parlament Sədrlərinin Konfransının açılış mərasimi Norveçin qədim parlament binasında baş tutub.

Konfrasın çıxış edən Avropa Şurası Parlament Assambleyasının sədri An Brasör Ukrayna hadisələrini xatırladaraq bunu insan haqları və demokratiya üçün ciddi təhlükə olduğunu bildirib. Xanım Brasör qeyd edib ki, son hadisələrin hətta Dağlıq Qarabağ kimi “dondurulmuş” münaqişələrə də mənfi təsirinin şahidi olduq.

Daha sonra Avropa Şurası Parlament Assambleyasının baş katibi Työborn Yaqland çıxış edib. AŞPA-nın baş katibi Avropa İttifaqının və Avropa Məhkəməsinin İnsan Haqları üzrə Avropa Konvensiyasına qoşulmasının vacibliyindən danışıb.

Xatırladaq ki, səfər zamanı Oqtay Əsədov AŞPA sədri En Brasörlə görüşüb. Xanım Brasör prezidenti İlham Əliyevlə görüşündən danışıb. Milli Məclisin sədri isə AŞ PA sədrinin Norveç parlamentindəki çıxışını xatırladaraq qeyd edib ki, bu gün Avropa üçün təhlükə yaradan hadisələrdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi bir “katalizator” qismində çıxış edir.

Konfrans çərçivəsində Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov Çexiya Parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek və İsrail Knessetinin sədri Yuli-Yoel Edelsteynlə müzakirələr aparıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər