Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının (QHT) Azərbaycandakı nümayəndəliyi və ya filialı ilə bağlı qanunvericiliyə yeniliklər edilir.
APA-nın məlumatına görə, bu gün Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə keçirdiyi iclasda bu barədə müzakirə aparılıb.
Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 16.10-cu maddəsinə edilən dəyişiklik xarici QHT-nin digər təşkilatla birləşdiyi, qoşulduğu və özü bölündüyü, həmçinin təşkilatın hüquqi forması dəyişdiyi halda onun Azərbaycan ərazisindəki filialı və nümayəndəliyinin ləğvini nəzərdə tutur.
Digər dəyişiklik isə istənilən xarici QHT-nin Azərbaycanda yalnız bir nümayəndəliyinin və yaxud filialının açılmasına icazə verir.
Qanuna yeni əlavə olunan dəyişikliklərdə həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici QHT-nin nümayəndəliyi və yaxud filialının yerli icra orqanına təqdim etdiyi Əsasnaməsində öz hüquqi ünvanı, fəaliyyətinin predmeti və ona rəhbərlik edəcək şəxsin səlahiyyətlərini və səlahiyyət müddətini, rəhbər müavininin təyin edilməsi barədə sənədi təqdim etməlidir.
Bu qurumlar onlara verilmiş tapşırıqlar, göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması, yaxud bərpa edilməsi, o cümlədən ləğv edilibsə, təşkilatın əmlak məsələləri barədə məlumatları da yerli müvafiq icra orqanına təqdim etməlidir.
Dəyişikliklər Milli Məclisin plenar cilasına tövsiyə olunub.