16 Sentyabr 2014 16:04
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan arasında ciddi münaqişə var. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”. Trend-in məlumatına görə, bunu Xəzər Universitetində “Qloballaşdırmanın çətinlikləri və riskləri. Avropa bundan nə dərs çıxara bilər?” mövzusunda məruzə ilə çıxış edən Böyük Britaniya parlamentinin üzvü, keçmiş müdafiə naziri Liam Foks deyib.

L.Foks bildirib ki, Azərbaycan dünya üçün vacib ölkələrdən biridir: “Azərbaycan enerji təhlükəsizliyi, İranın nüvə problemi və Rusiya ilə bağlı məsələlərdə vacib rol oynayır. Məsələn, Rusiya enerji təchizatı sahəsində problem yaratdıqda, Avropa dərhal enerji təchizatının diversifikasiyası barədə düşünür və Azərbaycana yönəlir. Yaxud NATO Əfqanıstan və İraqda, ümumiyyətlə, Yaxın Şərqdə Azərbaycanla tərəfdaşlıq edir".
O, qeyd edib ki, Azərbaycan vacib tərəfdaşdır.

Sabiq nazir Suriya və İraqdakı hadisələrə də toxunub: "Suriya və İraqda baş verənlər bir gecədə olmayıb. “İraq Şam İslam Dövləti” yaxşı qurulmuş və əla təşkil edilmiş bir qurumdur”

L.Foks bildirib ki, “İŞİD” yaxşı kommunikasiya strategiyasına malikdir: “Biz “İŞİD”lə mübarizəyə yaxından cəlb olunmalıyıq. ABŞ hərəkət etməyə qərar verib və hava hücumlarına başlayıb. Düşünürəm ki, Böyük Britaniya da bunu edə bilər”.

O, qeyd edib ki, dünyaya ən real təhdid beynəlxalq terrorçuluqdur: “Lakin məni daha çox nüvə terrorçuluğu narahat edir. Məsələn, Rusiyada ənənəvi partlayıcı maddə ilə radioaktiv maddənin qarışığından hazırlanmış çirkli bombalar var. Biz İranda da belə çirkli bombaların hazırlana biləcəyini gözləyirik”.

L.Foksun sözlərinə görə, dünyada NATO-nun simasında çox gözəl təhlükəsizlik təşkilatı var: “Yarım əsrdir ki, NATO təhlükəsizliyimizi təmin edir. Əgər biz güclü təhlükəsizlik siyasəti istəyiriksə, NATO-nu gücləndirməliyik, onun oxşarını yaratmalı deyilik”.


Müəllif: