9 Oktyabr 2019 12:40
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə və narkotikdən istifadə etməkdə təqsirləndirilən Orxan Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Orxan Eyvazov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə onun barəsində narkomaniyadan məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar da çıxarılıb.

İttihama görə, Orxan Eyvazov qonşusu Şahin Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb. Mübahisə məhəllədə söyüş söyülməsinə görə yaranıb.

Orxan Eyvazovun həbs zamanı narkotik vasitədən istifadə etdiyi də məlum olub.

Orxan Eyvazov polis əməldaşları tərəfindən saxlanılan zaman bıçaqla öz qarın boşluğuna xəsarətlər yetirib. Onun daha əvvəl ciddi psixi problemləri olduğu və uzun müddət müalicə aldığı məlum olub.

İstintaq orqanı tərəfindən Orxan Eyvazovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 234.1-ci (narkotik vasitələrdən istifadə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov