Abşeron rayonunda toyda kütləvi dava nəticəsində iki nəfərin bıçaqlamaqda təqsirli bilinən Elxan Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 29-na təyin olunub.
İttihama görə, hadisə Abşeron rayonunun Fatmayı kəndində toy məclisində baş verib. Həyət evində qurulan toy məclisində qonaqlar arasında kütləvi dava düşüb. Davada 1987-ci il təvəllüdlü Osman Əliyev və 1986-cı il təvəllüdlü Orxan Şiriyev Elxan Heydərov tərəfindən bıçaqlanıb.
Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etməki mümkün olub.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 32 yaşlı Elxan Heydərov saxlanılıb.
Məlum olub ki, qonlaqlar arasında mübahisə musiqi sifarişi üstündə yaranıb.
İstintaq orqanı tərəfindən Elxan Heydərovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.