17 Sentyabr 2014 13:42
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 partiya “Avropa seçimi”ndə

Azərbaycanda dörd siyasi partiya yeni ittifaq yaradır.

Teleqraf.com-un məlumatına görə, ittifaqın adı “Avropa seçimi” adlanacaq.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə qeyd edib ki, ittifaqda AMİP-lə yanaşı, Klassik Xalq Cəbhəsi Partiyası, Azad Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası təmsil olunacaq: “Hər bir partiyada daxili müzakirələr gedəndən sonra dəqiq qərar veriləcək. Yaxınlarda KXCP Ali Məclisində sözügedən məsələ müzakirə olunacaq. İttifaqı yaratmaqda məqsəd Azərbaycanın Avropaya inteqrasiyasını daha da intensivləşdirməkdir. 4 partiyanın hamısının nizamnaməsində Azərbaycanın Avropaya yaxınlaşmaq modeli var”.

Y.Bağırzadənin sözlərinə görə, ittifaqda lokomotiv rolunu AMİP oynayacaq: “Çünki bizim Avropa təşkilatları ilə çox sıx əlaqələrimiz var”.

Sözügedən partiyaların Demokratik Qüvvələr Birliyində təmsil olunduğunu xatırladan Y.Bağırzadə qeyd edib ki, qurum iclasları yay aylarında təxirə salınıb: “Sülhəddin Əkbər Azad Demokrat Partiyasının yaranması və qeydiyyatı ilə məşğul olduğundan DQB-nin iclasları bir qədər ləngiyirdi. Ramazan ayı və istilərin də təsiri oldu. Fikrimiz var ki, yaxın günlərdə bu fəaliyyətimizi bərpa edək. Qurumu yaradanda fikirləşdik ki, siyasi təşkilatlarla əməkdaşlıq edək, əgər bu, davamlı olarsa, əməkdaşlıqdan tərəfdaşlığa keçək. Tərəfdaşlıqdan sonra isə strateji müttəfiqlik etmək istəyirdik. DQB-də bütün siyasi təşkilatların rəhbərləri ilə görüşümüz oldu. Qərara aldıq ki, qurum çərçivəsində əməkdaşlıqdan tərəfdaşlığa keçilə bilər”.

Nərgiz


Müəllif: