Video əlavə olunub.
10:46
Abşeron rayonunda jurnalist Hacı Zeynalovun evindən oğurluq edən şəxslər həbs olunub.
Bu barədə Teleqraf.com-a jurnalistin özü məlumat verib.
Bildirib ki, ötən həftə Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğuruluğu törətməkdə şübhəli bilinən iki nəfər - Orxan Paşazadə və Əhməd Savdumov həbs edilib, bir neçə nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Abşeron rayon Məhkəməsinin qərarı ilə hər iki şübhəli şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun evi ötən ilin dekabrında qarət olunub.
Abşeron rayonunun Saray qəsəbəsində olan fərdi evdən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanıb. Ümumilikdə jurnalistə 1425 manat ziyan dəyib.
Oğurluqla bağlı jurnalist Daxili İşlər Nazirliyinin "102 zəng” xidmətinə məlumat verib.
Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin müstəntiqi, kriminalistlər və sahə müvəkkili gəlib. Müvafiq müayinə aparılıb, jurnalistin ifadəsi alınıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, saytımızın əməkdaşı Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.
Xatırladaq ki, həbs olunanlar Saray, Novxanı, Masazır, Mehdiabad, Digah, Məhəmmədi və Fatmayı qəsəbəsində 30-dan çox evi qarət ediblər.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər "Mercedes” markalı, 90 RG 257 dövlət nömrə nişanlı avtomobillə evlərin yaxınlığına gedərək, mənzilləri əvvəlcə nəzərdən keçiriblər.
Sonra cinayət əməlində istifadə etdikləri soyuq silahlarla evlərə daxil olaraq oradan pul, qızıl, məişət avadanlıqları və sair əşyaları götürərək aradan çıxıblar.