4 Dekabr 2019 14:23
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə qızın zorla qaçırılması barədə yayılan məlumata münasibət bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, sosial şəbəkələrdəki səhifələrin birində - “Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar” – qeyd edilən status həqiqəti əks etdirmir və polisin nüfuzunu ləkələmə məqsədi daşıyır.

DİN bununla əlaqədar bildirir ki, dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət ünvanlayıb.

Həmin gün şikayətlə əlaqədar Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınıb və o zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirmişdir. Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib.


Müəllif: Hacı Zeynalov