5 Dekabr 2019 10:16
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini azyaşlı oğluna qarşı 2 nəfər naməlum şəxs tərəfindən bıçaqla zor tətbiq edilməklə mobil telefonunu alıb soyğunçuluq edildiyini bildirib.

Polis əməkdaşları həmin hadisəni törədən şəxslərin müəyyən olunması məqsədilə dərhal əməliyyat-axtarış tədbirləri başlayıb.

Keçirilən əməliyyat tədbirləri ilə azyaşlıya qarşı soyğunçuluq edən şəxslərin Mingəçevir şəhər sakini 20 yaşlı Azər Salahov və Gəncə şəhər sakini 21 yaşlı Samir İsgəndərov olduqları müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı məlum olub ki, S.İsgəndərov Instaqram sosial şəbəkəsində tanış olduğu dostu A.Salahovun Mingəçevir şəhərində yaşadığı evə qonaq gəlib.

Daha sonra Gəncəyə qayıtmaq üçün yol pulu tapmayan dostlar çirkin əmələ əl atıblar.

Zəng eləmək üçün azyaşlıdan mobil telefon istəyən həmin şəxslər daha sonra bıçaqla ona hədə-qorxu gələrək telefonu qaytarmayacaqlarını bildirib, qaçaraq hadisə yerindən uzaqlaşıblar. Saxlanılan şəxslərdən hadisə zamanı istifadə etdikləri bıçaq və mobil telefon satdıqları yerdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov