10 Dekabr 2019 11:02
1 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ekologiya postu” kimi tanınan ərazidə “EuroHome” tikinti materialları bazarında yanğın davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.

Yanğının söndürülməsinə kömək məqsədi ilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

Bu barədə Teleqraf.com-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı dolu çən vaqonlarındakı sudan istifadə olunacaq.

Yanğınla bağlı Səhiyyə Nazirliyi də yeni məlumat yayıb.

Saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

***

10:12

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

Bu barədə Teleqraf.com-a nazirlikdən bildirilib.

***

10:05

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

***

09:38

“EuroHome” tikinti materialları bazarı ərazisində başlayan yanğınla bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.

FHN-dən Teleqraf.com-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09:27

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb.

Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

***

09:08

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Müəllif: Teleqraf.com