Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Nuriyyə Hüseynova ictimaiyyətə müraciət ünvanlayıb.
Teleqraf.com-un Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saytına istinadən verdiyi məlumata görə, müraciətdə deyilir: “Yazıb Sizə bildirirəm ki, 07.08.2014-cü il tarixindən Bakı İstintaq təcridxanasında saxlanılıram. Saxlandığım müddətdə saxlanma şəraitindən heç bir narazılığım olmayıb. Mənim 53 yaşım var. Mənimlə eyni kamerada saxlanılan şəxslərlə münasibətim normaldır. Lakin son zamanlar mənimlə eyni kamerada saxlanılan həbs olunmuş şəxs Yunusova Leyla İslam qızının “vəkilləri” bəzi mətbuat orqanlarında mənim şərəf və ləyaqətimi alçaldan yazılar yazmışlar. Məni residivist, siqaret çəkən bir qadın kimi təqdim ediblər. Mənim 3 övladım var, 2 nəvəm var. Mənim haqqımda vəkillərin dərc etdikləri bu cür məqalələr mənim yaxınlarıma mənfi psixoloji təsir edir. Onlar mənim təhlükəsizliyimdən narahatlıq hissi keçirirlər. Hətta “Azadlıq” qəzetində dərc olunmuş məqalələrin birində mənim qızım haqda da məlumatlar öz əksini tapıb.
Mən kamerada saxlanılan qadınlar arasında səmimiyyətə inanaraq qızım, onun iş yeri barədə təəssüratları bölüşdüyüm halda, həmin məlumatların Leyla Yunusovanın vəkilləri tərəfindən mətbuatda işıqlandırılmasını başa düşə bilmirəm. Həmçinin həmin vəkillərin bir qadını mətbuat orqanlarında təhqir etməklə, onun ailə üzvlərinə mənfi psixoloji təsir göstərməklə, guya digər qadının hüquqlarını müdafiə etməsi məntiqini başa düşə bilmirəm. Leyla Yunusova onun fikirlərindən fərqli olan digər fikirləri əsassız olaraq rədd edir. Mən də Leyla Yunusovadan fərqli olaraq Azərbaycan xalqının hisslərini, istəklərini duyan, hiss edən bir Azərbaycan qadını olaraq öz fikirlərimi söhbətlər zamanı bildirmişəm. Bu söhbətlərin mətbuat orqanlarında işıqlandırılması və xüsusən də ironiya ilə oxuculara təqdim olunması anlaşılmazdır. Mən bütün bunlara bir azərbaycanlı qadını olaraq dözürdüm. Lakin “Azadlıq” qəzetinin 17 sentyabr 2014-cü il tarixli sayında özünü həbs olunmuş şəxs Yunusova Leyla İslam qızının vəkili kimi təqdim edən Əlayif Həsənovun məni və kamerada saxlanılan digər qadınları cinayətkar adlandırması mənim, mənim qohumlarımın və kamerada saxlanılan digər qadınların səbir kasasını doldurub.
Vəkil Əlayif Həsənov hüquqşünas olaraq bilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim cinayətkar adlandırıla bilməz. Bu cür ifadə işlətmiş vəkilin hüquqi savadı və ədalətlilik prinsiplərinə əməl etməsi məndə böyük şübhələr yaradır. Həmçinin onun mənim barəmdə mətbuatda “siqaret çəkən”, “residivist”, və “cinayətkar” kimi ifadələr işlətməsini mən özüm təhqir olunmuş hesab edirəm. Bütün bunlara görə də mən mətbuat orqanlarında barəmdə böhtan və təhqiramiz ifadələr işlətdiyinə görə tədbirlər görülməsi məqsədi ilə müvafiq orqanlara müraciət etmişəm. Xahiş edirəm, mənim pozulmuş hüquqlarımın bərpasında, Azərbaycan qadını olaraq ictimaiyyət arasında mənim haqqımda mənfi fikir formalaşdırılmasının qarşısının alınmasında mənə yardımçı olasınız”.