1 May 2014 14:54
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşda yeni tikilmiş meyvə emalı zavodu bu gün istifadəyə verilib.

Teleqraf.com xəbər verir ki, açılışda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Prezident zavodu işə salıb.

Ümumi dəyəri 4.2 milyon manat olan müəssisənin tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 1.9 milyon manat güzəştli dövlət kreditindən istifadə olunub. Zavod quru meyvə, bəhməz istehsalı və köməkçi sahələrdən ibarətdir.

Zavodda mövsüm ərzində 1.2 min tonadək müxtəlif meyvələrin tədarükü və emalı, tələbata uyğun olaraq əsasən tut, xurma, üzüm və zoğal kimi meyvələrdən il ərzində 20 ton bəhməz istehsalı planlaşdırılır.
Zavodda qatılaşdırılmış süd də hazırlanacaq ki, bundan un məmulatı və dondurma istehsal edən müəssisələrdə xammal kimi geniş istifadə olunacaq.

Burada Prezident İlham Əliyevə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Aran iqtisadi rayonu üzrə sahibkarlara verilən güzəştli kreditlər və onların xərclənmə təyinatları barədə məlumat verib. Bildirilib ki, indiyədək 7612 sahibkara 326.3 milyon manat dövlətin güzəştli krediti verilib. Bu kreditlər hesabına 29 mindən çox yeni iş yeri yaradılıb. O cümlədən müasir texnologiyalara əsaslanan, ümumi dəyəri 418.1 milyon manat olan 77 investisiya layihəsinin – 10 logistik mərkəz, 9 taxıl anbarı və 8 heyvandarlıq kompleksi, 12 quşçuluq təsərrüfatı, 4 süd, 2 ət və 4 meyvə-tərəvəz emalı zavodu, 5 çörək zavodu, 4 istixana kompleksi, 3 intensiv bağçılıq, 3 üzümçülük və 2 iri taxılçılıq təsərrüfatı, 2 quru meyvə, 1 qənd, 4 tikinti materialları və 4 digər istehsal və emal müəssisəsinin maliyyələşdirilməsinə 195.2 milyon manat güzəştli kredit verilib. Həmin iqtisadi zonaya daxil olan Ağdaş rayonunda indiyədək 233 sahibkar 12.4 milyon manat dövlətin güzəştli kreditindən bəhrələnib. Bu kreditlər hesabına mindən çox yeni iş yeri yaradılıb.

Prezident İlham Əliyevin diqqətinə o da çatdırılıb ki, zavod İSO-2005 beynəlxalq təhlükəsizliyin idarə edilməsi sertifikatı alıb.

Layihənin icrası nəticəsində 30 yeni iş yeri yaradılıb.

Səxavət


Müəllif: