22 Sentyabr 2014 13:19
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Yevda Abramov parlamentin payız sessiyasında gündəliyə çıxarılacaq məsələlərdən danışıb.

O, Teleqraf.com-a açıqlamasında deyib ki, İnsan hüquqları daimi komitəsinin iş planı sentyabrın 18-də təsdiq edilib: “Plana görə öz mülahizələrimizi dedik. Plenar iclaslarda hər bir qanun layihəsinə münasibət bildirəcəyik”.

Onun sözlərinə görə, sessiyada “İşlər planının layihəsi haqqında”, “Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında”, “Qaçqınların və məcburi köçkünlər (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında” qanun layihələrində dəyişiklik edilməsi barədə, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.
O, elektron media ilə bağlı qanunun daha da sərtləşəcəyinə də münasibət bildirdi.

Y.Abramov hesab edir ki, Facebook sosial şəbəkəsində istifadəçinin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil etdikdən sonra şərh yazacağı barədə nəzərdə tutulan qanuna dəyişiklik insanların hüququnu pozmur:

“Sözügedən qanun layihəsi ilə tanış deyiləm. Payız sessiyasının ümumi planı sentyabrın 30-da təsdiq ediləcək. Bu layihə bizim komissiyada qoyulmayıb. Bu işə vətəndaşın insani münasibəti kimi yanaşaq. Facebook-da şərhlərdə elə sözlər oxuyuram ki... İstifadəçilər Azərbaycan xalqının əxlaqına və mentalitetinə uyğun olmayan ədəbsiz ifadələr işlədirlər. Kimisə müzakirə edirlər, istintaq altında olan deputat barədə hələ hökm verilməyib, onun təqsirsizlik prezumpsiyası olduğu halda onun haqda Azərbaycan oğluna yaraşmayan axmaq sözlər yazırlar. Sözünü kişi kimi demək istəyirsənsə, azad cəmiyyətdir, ad familiyanı açıqla və sözünü söylə. Mən Jirinovskinin azarkeşi deyiləm, onun heç insanlığı da yoxdur. Amma Jirinovski bir söz deyibsə, sən ona elmi-intellektual səviyyədə tutarlı cavab ver də. Qeyri-etik ifadələr işlətməyə başlayırlar, bütün anatomik üzvləri hallandırırlar. Bu, nəyə lazımdır? Bilirsiniz, demokratiya o demək deyil ki, insanlığımızı, milli dəyərlərimizi, milli mənsubiyyətimizi tamam unudaq. Babalarımızın, nənələrimizin qoyub getdiyi adət və ənənələri pozaq. Hansı söyüşü bilirik, hamısını şərhə yazırıq, guya bununla onun cavabını veririk. Belə olmaz. Bu, xalqın millətin səviyyəsidir. Hərəsi üçün “papa”sı bir kompüter alıb, istədiyi şərhi yazır. Savadlısı da, savadsızı da yazır. Belə insanlarla bir yerdə nəfəs aldığıma xəcalət çəkirəm. Münasibətini layiqlı şəkildə bildir, de ki, sizinlə razı deyiləm və fikrini arqumentlə əsaslandır. Belə qanun layihəsi olacaqsa, yekdilliklə səs verərəm. Qoy, mənə təhqiramiz sözlər deyən adamın kimliyini bilim, anonim ad altında boyayır, əzbərlədiyi sözlərin hamısını işlədib rahat nəfəs almaq olarmı? Mədəni dünyada yaşayırıq, belə şeylər nəyə lazımdır? Bu qanun layihəsində demokratik dəyərlərə xələl gətirən qüsur görmürəm”.

Nərgiz

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər