Xaçmazda mənzildən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin dekabr ayının sonlarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb.
Araşdırmalarla onun rayon sakini, 23 yaşlı Cavid Xanbabayev olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs evlərə qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus pul və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi pulları kafe və restoranlarda xərcləyən cinayətkar, avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib.
Bir ədəd televizor isə polis əməkdaşları tərəfindən C.Xanbabayevin evindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.