Zaqatalada 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Zaqatala rayon polis şöbəsinə rayonun Yuxarı Tala kəndində yerləşən 3 evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Bildirilir ki, bununla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib. Zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 22 yaşlı Əhməd Məmmədov saxlanılıb.
Araşdırma zamanı Ə.Məmmədovun həmin qızıl-zinət əşyalarını oğurladıqdan sonra dəyərindən ucuz qiymətə Zaqatalada qızıl alqı-satqı yerlərinə satdığı, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyi müəyyən olunub. Saxlanılan şəxsin yaşadığı evdən isə oğurladığı qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Zaqatala rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Məmmədovun digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.