23 Sentyabr 2014 14:49
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər hövzəsi ölkələrinin Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması istiqamətində danışıqlar prosesi davam edir. Faktiki olaraq, Xəzərin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə olunması yolunda bir sıra problemlər mövcuddur.

Qeyd edək ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradılıb.

Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan arasında qarşılıqlı iddialar yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr mövcuddur. Tərəflər həmçinin ayırıcı xəttin koordinatının müəyyənləşdirilməsində də həmfikirdirlər. Məsələ yalnız Türkmənistan və İranla razılaşdırılmayıb. Bu səbəbdən indiyədək Xəzərin statusu hələ də müəyyənləşdirilməyib. Sentyabrın 29-da növbəti dəfə Həştərxanda IV Xəzər sammiti keçiriləcək.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Həştərxanda baş tutacaq sammitdə Xəzərin statusu məsələsi ciddi müzakirə mövzusu olmayacaq. Onun sözlərinə görə, daha çox təhlükəsizlik, fövqəladə hallar zamanı birgə mübarizə və ekoloji məsələlərlə bağlı müzakirələr aparılacaq:

“Statusa gəldikdə, bu məsələdə fikir ayrılıqları gözə çarpır. Rusiyanın Xəzər dənizi üzrə xüsusi nümayəndəsi bu ərəfədə çıxış edərək, öz ölkəsinin, ümumiyyətlə, Xəzər dənizinin sektorlara bölünməsinin əleyhinə olduğunu bildirdi. Amma bir müddət öncə başqa fikir söylənilirdi. Hətta Rusiya Azərbaycan və Qazaxıstanla birgə sənəd imzalayıb ki, bu sənədin əsasında Xəzərin şimalında sektor bölgüsü bu və ya digər tərəflərdən müəyyən olunub. Lakin hazırda Rusiyanın mövqeyində dəyişiklik hiss olunur”.

İ.Vəlizadə vurğulayıb ki, yəqin bu sammitdə statusla bağlı masa üzərində olan sənədlərə əl gəzdiriləcək, yenidən baxılacaq. Onun fikrincə, burada aksentlərin dəyişməsindən söhbət gedə bilər:

“Misal üçün, sektora bölünməsindən çox Xəzərin sahil hissəsində xüsusi zonaların miqyasından söhbət gedə bilər. Dünyada bu 200 mil nəzərdə tutulur. Ancaq Xəzər dənizində bu mümkün deyil, Xəzər okean deyil, göldür. Ona görə də burada 200 mildən yox, başqa ölçüdən danışmaq olar. Eləcə də, sammit çərçivəsində dənizin bioresurslarının birgə istismarından söhbət gedə bilər. Yəni, bir ölkə hansı məsafəyə qədər bu bioresurslardan tək və eləcə də bundan sonra qonşu ölkələrdən hansısa biri ilə birgə istifadə edə bilər. Amma inanmıram ki, bu məsələ ilə bağlı hansısa saziş imzalansın. Ola bilər tapşırılsın ki, bu məsələ ilə bağlı daha ciddi məşğul olsunlar və növbəti sammitdə, yaxud da xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşlərdə müzakirə edilsin, hansısa qərar qəbul olunsun”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər