Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləməsindən sonra ölən şagirdlə bağlı açıqlama verib.
Qurumdan Teleqraf.com-a bildirilib ki, 4-cü sinif şagirdi Ömərov Polad dekabr ayının 29-u saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun:
"Hadisə barədə Xəzər rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Bu gün aldığımız məlumata görə, iki dəfə yaşayış üzrə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər".
***
12:28
Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.
4-cü sinif şagirdi Ömərov Poladı ötən ay küçə iti dişləyib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.
Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.
Azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.