Almaniya Bundestaqının deputatları Manfred Qrund və Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi Almaniya Bundestaqına məktubla, Xarici İşlər Nazirliyinə isə nota ilə müraciət edib.
Bu barədə Teleqraf.com-a XİN-in mətbuat xidmətindən məlumat verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, səfirliyin notasına cavabında Almaniya XİN-in rəsmisi bildirib ki, AFR hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməyib və AFR Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. AFR XİN-in rəsmisi əlavə edib ki, Almaniya XİN-i Bundestaqa daim belə səfərlərdən çəkinməyə çağıran və işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Azərbaycanın prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.
Almaniya Bundestaqı səfirliyin məktubuna cavabında bildirib ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər Bundestaq tərəfindən ödənilməyib.
Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin deputatların şəxsi təşəbbüsü əsasında baş verdiyini bəyan edib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Fransadakı səfirliyi tərəfindən də Fransa senatının nümayəndəsinin işğal olunmuş ərazilərimizə səfəri ilə əlaqədar KİV-də sentyabrın 23-də yer alan məlumat araşdırılacaq və zəruri tədbirlər görüləcək.
XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycanın razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər “Dövlət sərhədi haqqında” qanunun pozulmasıdır. Bu kimi şəxslər Azərbaycan Respublikası tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilirlər: “Azərbaycan qanunlarına və beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər ki, onlar separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə rol oynayırlar. Eyni zamanda bu şəxslərin əməlləri humanizm prinsiplərinə və beynəlxalq humanitar hüquqa zidd olaraq, işğal olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə və hüquqlarına qarşı hörmətsizlikdir. Özlərini millət vəkili adlandıran bu kimi şəxslər eləcə də belə qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz ölkələrinin seçiciləri qarşısında daşıdıqları məsuliyyəti dərk etməli və onlara hörmət yanaşmalıdırlar”.
Səxavət